Taksi sərnişinlərinin təhlükəsizliyinə kim cavabdehdir?- AÇIQLAMA
Qarlı hava şəraitində yüksək qiymət müqabilində taksidən istifadə edən sakinlərin təhlükəsizliyi qorunmur.
Qarlı hava şəraiti insanlar üçün çətinliklər yaratmasına baxmayaraq, bəzi taksi şirkətləri bu vəziyyətdən istifadə edib qiymətləri 2-3 dəfə və daha artıq qaldırır. Qiymətlərin həddsiz dərəcədə qalxması az deyilmiş kimi, təhlükəsizlik tədbirləri də görülmür. Yəni, avtomobillərdə nə qış təkərlərindən, nə də zəncirlərdən istifadə edilmir. Sərnişinlərin təhlükəsizliyi 3 qat qiymət müqabilində belə düşünülmür. Məsələ ilə bağlı bir neçə özəl taksi şirkətinə ("Bolt" və "Uber") suallarımızı ünvanlasaq da suallarımıza cavab verən olmadı.
Problem haqqında rəsmi mövqe öyrənmək üçün sualımızı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Pərvanə Əliyevaya ünvanladıq. Qazet.az saytının müxbiri Afət Əlipaşayevaya verilən məlumata görə, taksi şirkətlərinə heç bir dövlət nəzarəti yoxdur və bu haqda heç bir qanun da qəbul edilməyib:
"Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşdırılır. Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımaların liberallaşdırılması, daşıyıcılara daha əlverişli şəraitin yaradılması məqsədilə 2015-ci ildən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına lisenziya tələbi ləğv edilib. Sahibkarlar üçün belə əlverişli şəraitin yaradılması müvafiq sahədə təklif bolluğu yaradıb, eyni zamanda əhalinin məşğulluğuna müsbət təsir edib"-deyə nazirlik nümayəndəsi qeyd edib.