"Talış-Suqovuşan yolunun tamamlanma işləri gedir"
Naftalan şəhərində keçirilən elmi-praktik konfransdan sonra Naftalan şəhər icra başçısının müavini Kəmalə Hüseynova jurnalistlərin suallarını cavablandırıb.
Qazet.az xəbər verir ki, icra başçısının müavini konfransın mahiyyəti barədə bunları deyib:
"Bu gün Naftalanda Azərbaycan respublikasının səhiyyə, ekologiya və təbii sərvətlər nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Turizm bürosunun birgə təşkilatçılığı, "PMD hospitality"nin tərəfdaşlığı ilə beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. İki gün davam edəcək konfransın keçirilməsində məqsəd Naftalanın turizm potensialı, inkişafı və 44 günlük Vətən müharibəsindən sonra Turizm üçün yaranmış imkanlar haqqında müzakirə etməkdir. Konfrans üç paneldən ibarət olacaq. Konfransa Türkiyə, Ukrayna, Almaniya, Latviya, Litva, Rusiya turizm və səhiyyə sahəsi üzrə nümayəndələr iştirak edir. Konfrans çərçivəsində iştirakçılar azad edilmiş Suqovuşan qəsəbəsinə səfər edəcəklər. Onu da qeyd etmək istəyirəm ki, 2020-ci il avqustun 13də Naftalan neftinin unikallığını təsbit etmək məqsədilə Azərbaycan standartlaşdırma institutu tərəfindən Naftalan neftinin standartı qəbul edildi. Qəbul olunmuş standart Naftalan kurortunun rəqabət qabiliyyətinin artırılmasına, həmçinin, buraya gələn yerli və xarici turistlərin xidmətin yaxşılaşdırılmasına xidmət edəcək. Prezident İlham Əliyev tərəfindən oktyabrın 3ü 2021-ci ildə təməli qoyulmuş Talış-Suqovuşan yolunun tamamlanma işləri gedir. Əminik ki, Naftalana gələn turistlərin bu hal Qarabağa səyahət etməsinə imkan yaradacaq".