Bakı 17˚C Partly sunny w/ showers

"Tarif Şurasının əsaslandırmaları olduqca zəifdir" - Ekspert rəyləri

Eksklüziv 16:51 20 okt, 2021

Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minir

"Tarif Şurasının əsaslandırmaları olduqca zəifdir" - <span style="color:red">Ekspert rəyləri</span>

Alınan son qərara əsasən Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti artırılıb. Yeni qərara görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanmasına start veriləcək. Xatırladaq ki, bu rəqəm bu günə qədər 10 qəpik təşkil edirdi.

Tarif Şurası təbii qaz qiymətlərinin sürətli artımının dünyada, həmçinin Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına səbəb olduğunu bildirib. 

“Hazırda təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir” - bu barədə Tarif Şurasının məlumatında bildirilib.

Qazet.az Şuranın ötən şənbə günü yaydığı məlumata əsasən bildirir ki, əhali üçün təbii qazın 1200 kub metrdən sonrakı həcmi iyul ayında qəbul edilən tarifə uyğun olaraq qalacaq.

Bu o deməkdir ki, əhali illik 1200 kubmetrlik normanı keçdiyi halda, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşdığı halda isə, daha sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Qazet.az-a açıqlamasında Tarif Şurasının əsaslandırmasının tamamilə yanlış olduğunu vurğulayıb. O həm də bildirib ki, bu tip əsaslandırma yalnız qaz və elektrik enerjisini idxal edən ölkələrdə keçərli ola bilərdi.

Natiq Cəfərli: “Hökumət manatın məzənnəsinə dəyişiklik etmək  məcburiyyətində qalacaq” - BBC News Azərbaycanca
Natiq Cəfərli, iqtisadçı-ekspert

“Dünya ölkələrində qazın qiymətinin artmasında fərqli səbəblər var, idxalçı ölkələr qazı xaricdən alırlar və onlar bağlanan qaz müqavilələrində təklif olunan qiymətlərə əsasən daxili bazar qiymətlərini formalaşdırırlar. Qaz idxalı həm boru xəttləri vasitəsilə, həm də sıxılmış qaz olaraq tankerlərlə həyata keçirilir, daha sonradan qaz paylayıcı şirkətlər vasitəsilə əhaliyə çatdırılır. Boru xəttləri ilə qaz alan ölkələrdə daxili bazarda qaz daha ucuz olur, çünki nəqliyyat xərcləri olduqca aşağı olur. Ancaq nümunə olaraq Yaponiyanı götürsək, buraya boru xətti çəkmək ümumiyyətlə çətin məsələ olduğundan qaz daşınması tankerlərlə edilir. Məhz bu səbəbdən də son illər adı çəkilən ölkədə qaz əhaliyə dünyada ən baha qiymətə satılır. Vəziyyət isə Azərbaycanda tamamilə fərqlidir. Çünki biz idxalçı ölkə deyilik, əksinə ixrac edirik. Harada qaz çıxarılırsa, həmin bu ölkələrdə daxili bazarda qiymətlər ucuz olur, elə ABŞ-ın özündə də bu belədir. Yəni qaz istehsalı edən, ixrac edən ölkə ilə, idxal edən ölkə arasında qazın daxili bazar qiymətləri arasında olduqca fərq var. Bu qaz qiymətinin artımının da Tarif Şurasının dediyi kimi dünya bazarlarında olan qiymət artımı ilə əlaqəsi yoxdur. Yəni qazın qiyməti dünyada artıb, bu səbəbdən bizdə də artmalıdır tezisi kökündən yanlışdır” - deyə Natiq Cəfərli bildirib.

Rebound in global gas demand threatens international climate targets - IEA  | Reuters
Foto : Reuters

Tarif Şurasının son qərarı əhali arasında aparılan sorğularda da mənfi rəy toplayıb. Yalnız təkcə əhali arasında deyil bu mövzuda iqtisadçı-ekspertlər arasında da fikirlər bənzərdir. Mövzu ilə əlaqədar Qazet.az-a açıqlamasında Professor, iqtisadçı-ekspert Elşad Məmmədov da öz fikirlərini bildirib. 

O da öz növbəsində Tarif Şurasının əsaslandırmasını “zəif” adlandırıb. Onun fikrincə, qiymət artımı üçün münbit səbəblər yoxdur. Bu artımların səbəbi qurumların idarəçilik problemləri ilə əlaqəlidir və ən sonda dövlətə ziyan verir. Buna səbəb isə artım olduğu halda əhalini bu artımdan kompensasiya etmək yenə dövlətin üzərinə düşür. 

Elşad Məmmədov
Elşad Məmmədov - Professor, iqtisadçı-ekspert

“Tarif Şurasının artımla bağlı etdiyi əsaslandırma mənə görə olduqca zəif idi. Buna bir neçə səbəb var. Tarif Şurası qaz və elektrikin qiymət artımına dair etdiyi əsaslandırmanı Avropada yaşanan böhran fonunda dünya bazarlarında qiymətlərin artması olaraq göstərib. Bunun doğru olduğunu düşünmürəm. Əsas məsələ budur ki, biz nə qazı nə də elektriki idxal etmirik. Əksinə qaz istehsalçısı kimi onu ixrac edirik. Burada dünya bazarlarının təsirindən danışmaq doğru deyil. Yəqin ki, bu artımın əsas səbəbi aidiyyatlı qurumlarda yaşanan maliyyə problemləri ilə əlaqəlidir. Düzgün aparılmayan işlərin nəticəsində qiymət artımı zərurət halı alıb. Əgər biz idxal etmiriksə, o zaman belə bir məqam yarana bilər ki, qaz paylayıcı avadanlıqlar və onun istehsalı zamanı istifadə olunan texnikada qiymət artımı yaşanıb. Bu da öz növbəsində doğru deyil, çünki bu barədə lazımi bütün vəsait dövlət tərəfindən ayrılıb və texnika uzun müddət əvvəl alınıb. Bu tip artım həm əhaliyə, həm də dövlətə olduqca ziyan vura bilər. Buna səbəb isə əhalinin çəkəcəyi əziyyəti yenə dövlətin kompensasiya etməli olmasıdır” - deyə professor, iqtisadçı-ekspert Elşad Məmmədov bildirib.

 

Həm elektrikin həm də qazın tariflərinin artırılması aztəminatlı ailələrə necə təsir edəcək? Maaş və təqaüdlər nə qədər artırılmalıdır ki, qiymətlər əhaliyə ziyan vurmasın?

Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib. Hazırki dövrə qədər elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək (7 qəpik) və 300 kVts-dan çox (11 qəpik).

Tarif Şurasının yeni qərarında üç kateqoriya yaradılır.

  • 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts,
  • 200 kVts - 300 kVts arası 9 qəpik/kVts,
  • 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts

Qeyd edək ki, yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minir.

"Azəriqaz" İstehsalat Birliyi tariflərin yenidən gözdən keçirilməsinin "qaçılmaz" olduğunu bildirib. "Azərişıq" ASC-nin nümayəndəsi isə bildirib ki, elektrik enerjisi ilə əlaqədar yeni diferensiasiya aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini "qoruyub saxlamış" olub.

Bu açıqlama ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əksinə bu tip artımlar “təəssüf ki” məhz aztəminatlı ailələrin büdcəsinə ziyan vuracaq. 

“Bu artım daha çox aztəminatlı ailələrin yaşayışında hiss olunacaq. Təqribən desək, onların ümumi kommunal xidmət xərcləri 15-20% artacaq. Bu isə o deməkdir ki, təəssüf ki, artım daha çox aztəminatlı ailələrə, yaşayış minimumu ilə həyatını davam etdirən şəxslərə ciddi təsir edəcək. Ortatəminatlı və normadan yüksək əmək haqqı alan şəxslərdə bu elə də ciddi fərq etməyəcək” - deyə Natiq Cəfərli vurğulayıb.

Professor iqtisadçı-ekspert Elşad Məmmədovun da fikrincə də bu tip artımlar yaşayış minimumuna sahib insanlara daha da ağır təsir edəcək. O həmçinin Prezidentin “maaş və təqaüdlərin artırılması” ilə bağlı göstərişinə də fikir bildirib. Elşad Məmmədovun sözlərinə görə, maaşların artımı əmək haqqı fondunda azı 2 dəfə olmalıdır ki, yoxsulluq səviyyəsində ciddi enişə nail olunsun.

“İnflyasiyanın olması əhalinin real gəlirlərinin aşağı düşməsinə səbəb olur. Rəsmi inflyasiya böyük ehtimal ki, iki rəqəmli bir reallıqdır. Büdcədə əmək haqqı fondunu ən az iki dəfəyə qədər artırmaq lazımdır ki, əhali arasında yoxsulluq aradan qalxsın. Bazarda elə mallar var ki, bunlar heç insanların əksəriyyətinin zənbilinə ümumiyyətlə daxil olmayıb. Bu tip malların qiymətinin qalxmaması normaldır, ancaq vacib xarakter daşıyan malların qiymətlərinin hər gün artdığını biz gündəlik həyatımızda rahatlıqla hiss edə bilərik. Bu səbəbdən maaş artımı sadəcə inflyasiyanı kompensasiya etmək üçün edilməməlidir.” - deyə Elşad Məmmədov məsələyə öz fikirini bildirib.

Xatırladaq ki, təbii qazda qiymət artımı sonuncu dəfə bu il iyulun 1-də olub.

Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.