Tarixin ən zəngin bankirindən 6 məsləhət
Yakob Fugger kralları, səyyahları, yepiskopları və papaları maliyyələşdirən və bu müddətdə dövrünün, bəlkə də tarixin ən zəngin adamına çevrilən alman bankirdir. Məhz onun sayəsində Papa X Leo bankçılığı qanuniləşdirdi. Fugger 1519-cu ildə Müqəddəs Roma İmperatorunun seçilməsində də həlledici rol oynayıb - məhz onun pulu İspaniya kralı V Karlı Napoleonun imperiyası ilə müqayisə oluna biləcək imperiyanın zirvəsinə qaldırdı.
1525-ci ildə vəfat edəndə Fuggerin müasir pulla var-dövlətini o vaxtkı Avropa ÜDM-nin 2 faizi kimi qiymətləndirmək olar. Günümüzün reallıqlarıyla müqayisədə bu, təxminən 400 milyard dollardır. Tarixin başqa ən zəngin adamı kimi tanıdığımız Con Rokfellerin sərvəti isə ABŞ iqtisadiyyatının daha kiçik bir hissəsi idi.
Milli.Az bu yazıda oxucuları Yakob Fuggerin maliyyə sahəsində uğur qazanmaq sirləri ilə tanış edir.
Bir kəndlinin nəvəsi olan Yakob Fugger o dövrün biznes mərkəzində - Venesiyada yaxşı təhsil alıb. Orada qazandığı əlaqələr, bilik və təcrübə ona həyatı boyu kömək edib.
Başqaları qorxarkən siz investisiya yatırın!
Onun sərvətinin sürətlə artmasında iki əsas investisiya rol oynayıb. Birincisi Tirol Arkduke Sigismund ilə müqavilə idi: Venesiya ilə münaqişəsi zamanı Sigismundu heç kimin maliyyələşdirmək istəmədiyi bir vaxtda Fugger ona böyük məbləğdə borc verdi. Digər bankirlər hersoqu maliyyələşdirməkdən imtina etsə də, Fugger ona tapa biləcəyi hər şeyi təklif etdi və hersoq Venesiya ilə münaqişəni yoluna qoydu. Onun dəstəyi müqabilində Arkduke Fuggerə yer üzündəki ən böyük gümüş mədənini idarə etmək hüququ verdi. Bundan əlavə, hamı türklərin Macarıstana hücumundan qorxduğu bir dövrdə Fugger Macarıstanın mis mədənlərinə sərmayə qoydu. Nəticədə o, əvvəllər gümüş hasilatı ilə eyni şəkildə mis istehsalını öz üzərinə götürə bildi.
Əvəzolunmaz olun
Bəzi müəssisələrin batmayacaq qədər çox böyük olması fikri yeni deyil. Fugger bunu çox gözəl bilirdi və nəzəri olaraq hesablarını ödəməkdən imtina edə bilən monarxların özbaşınalığından özünü qorumaq üçün istifadə edirdi. Bilirdi ki, müştərilər sadə bir səbəbdən onunla münasibətləri korlamaq istəməzlər. Çünki Fugger müştərilərinin onsuz edə bilməyəcəyi bir şeyə sahib idi: qısa müddətdə böyük məbləğdə pul qazanmaq bacarığı. Onlar Fuggerin özünü və şərtlərini bəyənmirdilər. Amma onların alternativi yox idi.
Məlumatlı olun!
Sübut edilmiş faktların dəyəri danılmazdır. Odur ki, ilk növbədə ona xidmət edən və bazar münasibətlərindən xəbərdar olmağa imkan verən dünyanın ilk xəbər xidmətinin yaradıcısı məhz Fugger olub. Məsələn, bir dəfə Roma imperatoru Maksimilian ona deyir ki, İngiltərə kralı VII Henrixdən qızıl gözləyir. Fuggerdən borc istəyən Roma imperatoru söz verir ki, onu tezliklə qaytaracaq. Amma İngiltərədəki bir casus Fuggerə kralın gəmilərinin limanı tərk etmədiyi xəbərini çatdırmış və beləliklə bankir sövdələşmədən imtina etmişdi. Mühasibat uçotu ilə dost olun
İkili mühasibat uçotu italyanlar tərəfindən icad edilib, lakin Fugger onu Alp dağlarının şimalında ilk istifadə edənlərdən biri olub. O, bir çox müəssisəsi üçün birləşdirilmiş balans hesabatı yaratmaqla mühasibat elmini ciddi şəkildə inkişaf etdirdi. Bundan əlavə, Fuggerin maliyyə dünyasına təqdim etdiyi yeniliklər arasında auditorların fəaliyyəti də var idi. Fuggerin öz əlyazma marjinal qeydlərinə mühasibat kitablarında rast gəlmək olar: o, ayrı-ayrı məxaric və mədaxil siyahısını diqqətlə izləyirdi.
Soyuqqanlılığı itirməyin
Avstriya yepiskopu Fugger bankına ən böyük töhfə verənlərdən biri idi. 1509-cu ildə yepiskop vəfat edəndə papa Fuggerdən pulu dərhal kilsəyə ödəməyi tələb etdi. Lakin pul mədən layihələrinə yatırıldı və Fuggerdə tələbatı ödəmək üçün likvidlik yox idi. Ancaq imtina haqqında şayiələr onun imperiyasının sonu olardı. Fugger xərcləri azaltmağa çalışmaq əvəzinə, heç vaxt olmadığı kimi pul xərcləməyə başladı ki, heç kim onun problemlə üzləşə biləcəyini düşünməsin. Bu, ona əmanət sövdələşməsini sakit şəkildə müzakirə etmək üçün vaxt verdi.
Borcunuzu yerinə yetirin!
Fugger cəmiyyətin ehtiyaclarına əhəmiyyət verirdi. O, dünyanın ilk sərfəli və sosial mənzil layihəsi olan Fuggerei məhəlləsinin yaradıcısı kimi tanınır. Bu mənzillər kirayə bazar dəyərindən üç dəfə ucuz idi, çünki Fugger hesab edirdi ki, hər bir iş adamı başının üstündə damı olmağa layiqdir. Fuggerei bu gün də öz ilkin məqsədinə xidmət edir və həm də doğma şəhəri Auqsburqda ən böyük turizm mərkəzidir.