Bakı 12˚C Cloudy

Taurin nədir və enerji içkisinin tərkibində niyə var? - ARAŞDIRMA

Eksklüziv 16:15 22 avq, 2022
Taurin nədir və enerji içkisinin tərkibində niyə var? - ARAŞDIRMA

Müasir dövrün qida rasionunda gənclərin qəbul etdiyi maye növləri arasında enerji içkiləri özünəməxsus yer tutur. İstər qiymətinə, istərsə də qablaşdırılma qaydasına görə bir-birindən fərqli olan bu enerji içkiləri reklam bazarında da aparıcı məhsuldur. Buna görə də hər bir içki növü arasında xüsusi rəqabət var. Enerji içkilərinin müəyyən növləri ölkəmizdə istehsal olunsa da Macarıstan, Avstriya, Böyük Britaniya, Polşa, Rusiya kimi ölkələrdən də bu məhsul növü AR-ə idxal olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi avqustun 17-də enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlaması bu bazarda səhnəni bəzi enerji içkiləri üçün yekunlaşdırdı. 12 enerji içkisinin əslində heç bir enerji artıran maddə ilə zəngin olmadığı, əslində isə sərinləşdirici içki olduğu üzə çıxdı. Bəzi enerji içkilərinin tərkibində isə taurin maddəsi var. Xüsusilə, Rusiya istehsalı olan “Flash up” adlanan enerji içkisində isə taurin maddəsinin qablaşdırılmanın üzərində göstərilməsi və bu adla xüsusi növ olaraq satılması onu fərqləndirən əsas xüsusiyyətdir. Düzdür, AQTA-nın “enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydalarının təsdiq edilməsi barədə” çıxarışının 2-ci bəndində enerji içkilərinin tərkibində müəyyən miqdarda bu maddələrə icazə verilir.  Enerji içkilərinin 100 ml-də olan maddələrin miqdarı aşağıda göstərilmiş normalardan çox olmamalıdır:

Tərkibindəki maddələr

Yol verilən maksimum miqdarı, mq/100 ml

Kofein

32

Taurin

400

İnozitol

20

Qlükoronolakton

250

Kreatin

1

Göstərilən nümunələr onu deməyə əsas verir ki, enerji içkilərinin tərkibində ola biləcək ən böyük miqdarda maddə Taurindir. Bəs Taurin nədir və onun insan orqanizmində nə kimi təsiri var?

Taurin maddəsi insan bədənində də yer alan amin turşusudur. İlk dəfə 1827-ci ildə öküzün ödündən əldə olunan taurin maddəsi 1846-cı ildə insan bədənində də aşkarlandı. İnsan orqanizminin həyatda qalmasına kömək edən ən vacib maddələrdən biri olan taurin beyində və ürəkdə, az miqdarda insan ödündə yer alır. Digər bir fakt isə odur ki, insan bədəni taurini davamlı olaraq istehsal edə bilir. Bununla yanaşı, bəzi qidaların tərkibində də taurin maddəsinə rast gəlinir. Təbii ki, artıq miqdarda taurin bədənə ciddi formada ziyan verə də bilir. Taurinin faydalarına gəldikdə, bu maddə insanın həzm sistemini normallaşdırır, qan təzyiqinin və ürəyin qorunmasında xüsusi rolu var. Əlavə olaraq, əzələləri gücləndirir, yüksək miqdarda kalsium dəstəyi verir, beynin funksiyasına dəstək olur, sümükləri möhkəmləndirir. Enerji vermək kimi bir faydasının olduğu taurinin enerji içkisinin tərkibində yer alması da bundan irəli gəlir. Taurinin faydası olduğu kimi, zərəri də var. Amma, ümumi göstəricilərdə taurin zərərli maddə olaraq qeyd olunmur. Amma bildirilir ki, tərkibində taurin olan enerji içkiləri şəkərin yüksəlməsinə səbəb olur, həmçinin insanın çəki artımına da olduqca böyük təsir göstərir. Bununla yanaşı, son illərdə aparılan araşdırmalarda bu maddənin enerji içkilərinin tərkibində yer alması və tamamilə təhlükəsiz olmadığı qeyd olunub. Taurin qəbul etmək üçün əslində enerji içkisi içməyə ehtiyac yoxdur. Çünki bəzi qidalar var ki, tərkibində taurin yer alır. Mal və balıq əti, yumurta, soda, pendir, yoqurt, yağ taurinlə zəngindir. Həmçinin ana südündə də taurin maddəsi var. Qida məsələri üzrə ekspert Katerin Zeratski yazır ki, taurin xeyirli maddə olsa da, enerji içkilərinin tərkibində digər maddələrin də olması nəzərdə saxlanılmalıdır. Xüsusilə taurinin kofein və şəkərlə hibridi yekunda qan təzyiqinin artmasına, ürək ritminin pozulmasına, kökəlməyə gətirib çıxara bilir. Belə halda enerji içkilərinin bu maddə ilə zəngin olması bir sual ortaya çıxarır. Bəzi enerji içkilərinin tərkibində niyə taurin var?

 

Taurin nədir və enerji içkisinin tərkibində niyə var? - ARAŞDIRMA