Bakı 4˚C Showers

Təbii qazın yeni tarifləri nə vaxtdan və necə hesablanacaq?

Biznes 15:34 03 okt, 2021

Təbii qazın yeni tarifləri nə vaxtdan hesablanacağı barədə məlumat verilib

Təbii qazın yeni tarifləri nə vaxtdan və necə hesablanacaq?

Smartkart sayğac istifadəçiləri üçün iyulun 1-dək karta yüklənən pula uyğun olaraq müəyyən edilən qazın həcmi köhnə, yəni iyulun 1-dək qüvvədə olan tariflə sayılacaq, iyulun 1-dən etibarən isə karta yüklənən pula görə qazın həcmi yeni tariflə hesablanacaq.

Qazet.az xəbər verir ki, bunu BBC News Azərbaycancaya Azəriqaz-ın mətbuat xidmətinin rəisi Ceyhun Səfərov bildirib.

Səfərovun sözlərinə görə, mexaniki sayğaclardan istifadə edənlər üçün isə qaz həcminin hesabatı iyulun 10-dək köhnə tariflərlə aparılacaq.

"Mexaniki sayğaclarda göstəricilər fiziki olaraq hesablanıb qeydə alınır. Ona görə də biz iyulun 10-dək mexaniki sayğacların oxunmasını təmin etməliyik. Bunu təmin edənə qədər isə, yəni iyulun 10-dək, hələlik mexaniki sayğaclardan istifadə edən abonentlər üçün hesablama köhnə tariflərlə aparılacaq. İyulun 10-dan sonra isə onların qaz hesabatı yeni tariflə aparılacaq. Ona görə biz də abonentlərdən xahiş edirik ki, iyulun 10-dək sayğacların oxunmasına bizə şərait yaratsınlar ki, sonra ortalıqda hansısa mübahisəli məsələ qalmasın", - Ceyhun Səfərov deyib.

İyulun 1-dən təbii qazın istehlak qiyməti artıb, güzəştli istifadə tətbiq edilən qaz limiti azaldılıb.

Tarif Şurasının çərşənbə günü verdiyi qərarına görə, qiymət artımı il ərzində 1200 kubmetrdən sonrakı istehlaka tətbiq ediləcək.

İndiyə kimi əhali qrupuna aid abonentlərə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilmişdi.

Bu limit indi 1200 kubmetrə endirilir. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan əhali 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.

Tarif Şurasına görə, il ərzində 1200 kubmetr qaz işlədənlər abonentlərin 51 faizini təşkil edir.