"Tənqidi realizmin orbitindən çıxa bilmirik" - Qismət/EKSKLÜZİV
Xalqı maarifləndirmək üçün öz ideyalarına sadiq qalmağa çalışırdılar
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür. Qazet.az xatırladır ki, 147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
Bu gün münasibəti ilə Qazet.az-a açıqlama verən şair, tərcüməçi Qismət Rüstəmovun sözlərinə görə Azərbaycan ədəbiyyatı tənqidi realizmin üzərindədir və indinin özündə də biz müasir cərəyanlar gəlsə belə tənqidi realizmin orbitindən tam mənada çıxa bilmirik.
Azərbaycan mətbuatının qurucu ataları, onlar üçün əsas ideya istiqaməti maarifçilik idi. Bu mənada bizim mətbuatın sütunlarında, canında maarifçilik dövrünün ənənələrindən gələn xətt həmişə olub və olacaq. Necə ki, Azərbaycan ədəbiyyatı tənqidi realizmin üzərindədir və indinin özündə də biz müasir cərəyanlar gəlsə də tənqidi realizmin orbitindən tam mənada çıxa bilmirik. Maarifçilik də bizim mətbuatın yarandığı gündən damarlarındadır.
O qurucu atalar heç bir mənfəət güdmədən, hətta bəzi nümunələrdə özləri də əmlaklarından sataraq xalqı maarifləndirmək üçün öz ideyalarına sadiq qalmağa çalışırdılar.
Bu mənada yadıma məşbur bir ingilis anqlasakson deyimi düşür. İngilis mətbuatının yaradıcılarından biri məşhur bir ifadə deyib. “Xəbər jurnalistikası o şeydir ki, nə vaxtsa, hardasa, kiminsə bilinməsini istəmədiyi şeyi yazmaqdır. Ondan qalan şeylər isə bu və ya digər dərəcədə təxminən xəbər yox, reklamdır".
İndiki vəziyyətdə reklamın sayı jurnalistikanın sütunu olan əsas xəbəri üstələyib. Amma ümumən dünyada həyatımıza daxil olan sosial media ilə, yeni texnologiya ilə jurnalistikanın da istiqaməti dəyişməkdədir. Artıq olmazsa olmaz şeylərdən biri audiovizual əlavələr və effektlərdir. Yəni, məsələ artıq sırf yazı kontekstindən biraz digər məcralara da yönəlib. Bununla belə mən hesab edirəm ki, yenə də əsas məsələ peşəkarlıq və yazıdır. Çünki dünyanın özündə belə bir tendensiya gedir. Sosial media savadlılığı deyilən bir istiqamət bütün universitetlərdə, dərsliklərdə, təhsil müəssisələrində yavaş-yavaş tədris olunmağa başlayır. Yəni, nə qədər sosial media belə mərkəzsiz, avtoritetsiz, hər kəsin rahat şəkildə öz fikrini dediyi demokratik bir məcra olsa da yenə də yazmağı öyrənmək, fikri ifadə etmək dəyişməz bir məsələ kimi qalır. Əslində, nə qədər yeni texnologiyalar həyatımıza daxil olsa da, fikri yaxşı və vicdanlı ifadə etmək, əsas məsələ kimi qalır.
Elə bilirəm ki, bu məsələ haqqında dərindən bir daha düşünəsi olsaq, onda xeyli problemlərin də qabağını ala bilərik.
Bütün həmkarları Milli Mətbuat Günü münasibətilə təbrik edirəm.