Ter-Petrosyan Paşinyanla Köçəryanı ittiham etdi
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Baş nazir Nikol Paşinyanı devirməyə cəhd edir, ikinci isə öz hakimiyyətini qorumağa çalışır və bunun da nəticəsində siyasi dialoq alınmır.
Qazet.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.
Onun fikirlərini mətbuat katibi Arman Musinyan sosial şəbəkələrdə yayıb.
“Hakimiyyətlə müxalifət arasında dialoqun pozulmasının günahkarları Köçəryan və Paşinyandır”, – o əlavə edib.
Musinyanın sözlərinə görə, Ter-Petrosyanın dünən bildirdiyi fikirlərdən sonra bir çoxları elə düşünüb ki, tərəflər arasında dialoqa Ter-Petrosyan mane olub. O isə belə hesab edir ki, əslində dialoqun pozulmasına səbəb Robert Köçəryanın 3 saatlıq mətbuat konfransı və Nikol Paşinyanın 2 saatlıq müsahibəsi olub.
Ter-Petrosyan belə bir qənaətə gəlib ki, Köçəryan hansı yolla olursa olsun, Paşinyanı devirməyə, Paşinyan isə istənilən vasitələrlə hakimiyyətini qoruyub saxlamağa çalışır və bunun nəticəsində dialoq üçün bütün körpülər dağıdılıb.