Bakı 5˚C Showers

Texniki Universitetdə "Kibertəhlükəsizlik kafedrası" yaradılıb

Cəmiyyət 16:41 12 sen, 2022
Texniki Universitetdə "Kibertəhlükəsizlik kafedrası" yaradılıb

Azərbaycan Texniki Universiteti (AZTU) və "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyi arasındakı əməkdaşlıq çərçivəsində ali təhsil ocağında Kibertəhlükəsizlik İnstitutunun formalaşdırılmasına və Kibertəhlükəsizlik kafedrasının yaradılmasına nail olunub.

Qazet.az bu barədə Assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, yeni strukturlar müəllim və tələbə heyətinin tamamilə yeni tədris və elmi araşdırma mühitində fəaliyyətinə imkan yaradır. İqtisadiyyatın müxtəlif sahələrində ehtiyac duyulan yüksək kvalifikasiyalı kadr potensialının təşkilinə hesablanmış layihədə AzTU ilə yanaşı digər universitetlərlə də kollaborativ əməkdaşlığın qurulması planlaşdırılıb. Kibertəhlükəsizlik sahəsində müəllim və akademik potensialın gücləndirilməsi məqsədilə sənayedə fəaliyyət göstərən aparıcı mütəxəssislərin layihəyə cəlb olunması nəzərdə tutulur. Həmçinin tədris proqramlarının Elm və Təhsil Nazirliyinin və sənayenin tələblərinə uyğun təşkilinə imkan yaradılır.

Layihədə aparıcı texnologiya istehsalçıları ilə birgə təcrübə mərkəzlərinin qurulması, təcrübə mübadiləsi aparılması kiber təhsilin diversifikasiyası imkanlarını daha da gücləndirir. Layihə çərçivəsində təşkil olunan virtual tədris və təcrübə imkanları sayəsində tələbələr sanəyenin aparıcı mütəxəssislərinin, o cümlədən qabaqcıl texnologiya istehsalçılarının tədris platformalarından faydalanacaqlar. AzTU-da AKTA ilə birgə müvafiq Data Mərkəzi resursları, kampus imkanları, zəruri proqram təminatı, tələbata uyğun akademik resurslar, kibertəhlükəsizlik simulyatorlarından istifadə və istehsalat təcrübəsi qazanmaq imkanlarının təşkili istiqamətində işlər aparılır. Yeni tədris ilindən başlayaraq ilk dəfə tədrisin həftəlik proqramlarla, tətbiqi metodlarla təşkili və qiymətləndirilməsi nəzərdə tutulur. Layihəyə təhlükəsizlik istiqamətində 4 ixtisaslaşma üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan 500-ə yaxın tələbənin cəlb olunması nəzərdə tutulur.