Təyyarə səmada II Elizabetin ən böyük portretini çəkdi - FOTO
Piper PA-28 təyyarəsinin xanım pilotu Amal Larxlid Britaniya hospisinə vəsait toplamaq üçün havada kraliçanın taclı profilini təsvir edib. Bunun üçün pilot iki saat vaxt sərf edib.
Qazet.az xarici mediaya istinadla xəbər verir ki, səmadakı incəsənət əsərini FlightRadar xidmətində izləmək mümkün olub: təyyarə 412 kilometr yol qət edib. Nəticədə II Elizabetin hündürlüyü 105 kilometr, eni 63 kilometr olan profili Oksfordu əhatə edib, tacı isə Milton-Kinsdən Uorikşirə qədər uzanıb. Tacın mərkəzindəki qiymətli daş birbaşa Northemptonun üstündədir.
Larxlidin reysinin min funt sterlinqdən artıq ianə gətirdiyi bildirilir.
“Xeyriyyəçilik məqsədi daşıyan bu uçuşu planlaşdırmaq və həyata keçirmək mənim üçün şərəf idi. Dəstəyiniz üçün hər birinizə təşəkkür edirım! Kraliça 70 il özünü xalqa xidmətə həsr edərək bir çox nəsillər üçün ilham mənbəyi olub”, - deyə Larxlid Twitter hesabında yazıb.