Bakı 23˚C Mostly cloudy

"Torpaqlarımızın ardıcıl işğaldan azad olması ordumuzun döyüş qabiliyyətinin uğurudur" - Firdovsiyyə Əhmədova

Eksklüziv 14:35 05 okt, 2021

Şuşanın işğaldan azad olunması müharibənin taleyini həll etdi

"Torpaqlarımızın ardıcıl işğaldan azad olması ordumuzun döyüş qabiliyyətinin uğurudur" - <span style="color:red">Firdovsiyyə Əhmədova</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 36-cı gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın tarix üzrə fəlsəfə doktoru, DİA-nın Tarix kafedrasının müdiri, görkəmli tarixçi Firdovsiyyə Əhmədova Vətən müharibəsi və mühüm tarixi gedişatlarla bağlı Qazet.az-a müsahibə verib. 

 

–  Birinci və İkinci Qarabağ müharibələri arasında hansı müqayisəni edərsiniz?
–  Çağdaş Azərbaycan tarixinə İkinci Qarabağ savaşı kimi daxil olan, həm də Vətən müharibəsi adlanan 44 günlük hərbi əməliyyatlar 30 il ərzində işğal altında qalmış ərazilərin azad edilməsi ilə nəticələndi. Azərbaycan xalqı üçün zəfərlə nəticələnmiş İkinci Qarabağ savaşı deyimi təbii olaraq Birinci Qarabağ savaşının baş verdiyini ehtiva edir. Azərbaycan üçün çoxsaylı insan itkisi ilə də səciyyələnən Birinci Qarabağ savaşının xalqımız və dövlətçiliyimiz üçün əhəmiyyəti, məhz bu savaşın baş verməsindədir. Yəni, torpaqlarının işğala məruz qalması ilə razılaşmayan, barışmayan xalqın sosial-iqtisadi vəziyyətinin ağır olduğu, hərbi silah - sursatla təminatının son dərəcə zəif, demək olar ki, olmadığı şəraitdə savaşa qalxması, müstəqil ordu quruculuğu gerçəkləşməmiş hərbi əməliyyatlar keçirməsi adını qəhrəman xalqlar tarixinə yazmaq üçün yetərlidir.


–  44 gün davam edən və qələbəyə aparan Vətən müharibəsi haqqında nə söyləyə bilərsiniz? 
–  44 gün müddətində qazandığı ardıcıl qələbələr Azərbaycanın sayılı günlər ərzində işğal altında olan diğər torpaqlarını azad etmək potensialını, imkanını şəksiz edirdi. Dünyanın aparıcı güclərinin təsir, təzyiq, bəzən də təhdid məzmunlu bəyanatları, mesajları Azərbaycanın əməliyyatları davam etdirmək əzmini dayandıra bilmədi. “Münaqişənin” sülh yolu ilə həllinə üstünlük vermiş Azərbaycan müharibənin gedişatında dəfələrlə bəyan edirdi ki, düşmən tərəf əməliyyatları dayandırıb torpaqları boşaldarsa, qarşılıqlı addım atılacaqdır. Yalnız Şuşanın işğaldan azad olunması müharibənin taleyini həll etdi. Hərb tarixində artıq hadisə sayılmış bir döyüşlə Şuşa kimi təbii və hərbi istehkamın azad edilməsi erməni tərəfini diz çökdürməklə yanaşı Azərbaycanın da təkbaşına birdəfəlik olaraq “münaqişəni” aradan qaldırmasını geostrateji anlamda məqbul bilməyən və qəbul etməyən qüvvələrin müdaxiləsini sürətləndirdi. 
Müharibənin dayandırılması aktı Rusiyanın birbaşa müdaxiləsi nəticəsində baş verdi. Erməni dövləti hələ işğaldan azad olmamış ərazilər hesabına siyasi-diplomatik möhtəkirlik edəcəyinə ümidlə, “Arsaxı” xilas etmək niyyətilə əməliyyatı dayandırdı. Əslində müharibəni davam etdirmək potensialı da tükənmişdi, davam etdirilməsi son ümidlərinin də puça çıxması demək idi. Rusiya isə “sülhməramlılıq” missiyası ilə regionda varlığını gerçəkləşdirir, “dəhliz layihələrində” siyasi və iqtisadi maraqlarını təmin etmək imkanını dəyərləndirir.

 

–  Qarabağ münaqişəsində Türkiyə və Rusiya amilini necə qiymətləndirirsiniz?
–  Rusiya 100 il əvvəl olduğu kimi regionda Türkiyə amili ilə hesablaşmağa məcbur olaraq birgə əməkdaşlığa qərar vermiş və yəqin ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi 1921-ci ildə olduğu kimi Türkiyə də bu müqavilənin təminatçısı kimi çıxış edəcəkdir və bu hadisə Qars müqaviləsinin imzalanmasının 100-cü ildönümünə təsadüf edə bilər.  
Cənubi Qafqazın 100 il əvvəl yaşadığı geosiyasətin oxşar məzmunda təkrarlanması, bundan sonra da qonşu dövlətlərin ərazilərinə iddia etməkdən əl çəkməyən erməni dövlətinin növbəti təxribatlarını istisna etmir. Əgər erməni dövləti qisasçı və təxribatçı siyasətindən əl çəkməyəcəksə, region dövlətləri üçün təhlükəsizlik stabil xarakter daşımayacaq, erməni xalqı isə saxta tarix təxəyyülü ilə şovinist ideologiyanın girovu olaraq qonşularının sərt təpkisini görəcəkdir. Yeni regional müstəvidə sosial rifah, iqtisadi inkişaf yolu qonşu dövlətlərlə birgə beynəlxalq layihələrdə iştirakdan keçir.

  

–  İkinci Qarabağ Müharibəsində Rusiyanın rolunu necə dəyərləndirirsiniz?
–  İkinci Qarabağ savaşında Rusiyanın mövqeyi isə ilk gündən sona qədər həlledici rolunu saxlamış və əməliyyatların sonuclanmasını şərtləndirmişdir. 
ATƏT-in Minsk Qrupunun digər həmsədrlərindən fərqli olaraq Rusiyanın Ermənistanla KTMT-də və Avrasiya İqtisadi Birliyində müttəfiq olan, üstəlik Ermənistanda hərbi bazaya sahib bir dövlət kimi İkinci Qarabağ savaşında tutduğu mövqe müharibənin müqəddəratını müəyyən edəcək əhəmiyyət kəsb etmişdir. Azərbaycanın yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində əməliyyat keçirməsi hüququna baxmayaraq heç də işğal olunmuş ərazilərin hamısını hərb yolu ilə azad etməsinə imkan verilmədi. Azərbaycan müharibə zamanı raketlər vasitəsilə əməliyyat zonasından uzaq strateji məntəqələrinə zərbələr endirilməsi təxribatına eyni hədəflə cavab verməmiş, erməni dövlətinin sərhədlərini keçmədən, müharibə qaydalarına əməl edərək hərbi peşəkarlıq göstərən ordusunun gücünə qələbəsini təmin edə bilmişdir. Məhz diplomatik fəallığı, informasiya təminatı, hərbi taktiki çevikliyi, hərbi qüvvələrinin əzmi, şücaəti, döyüş texnikası zəfər qazanmağın rəhni oldu.

 

–  44 gün ərzində Türkiyənin bizə olan dəstəyi hansı əhəmiyyəti önə çıxardı?
–  2020-ci ilin İyul dərsləri regionumuz üçün son geosiyasi durumu bir daha xülasələndirmək imkanı verdi. Qarabağ uğrunda və ətrafında gedən savaşın Qafqaz və daha geniş geosiyasi, geoiqtisadi məkan uğrunda savaş olduğunu bir daha təsdiqlədi.
Cənubi Qafqazın aparıcı aktorları səviyyəsində Türkiyə və Rusiyanın bir araya gəlməsi kontekstində Azərbaycanın beynəlxalq və regional konyunkturanı dəyərləndirərək hərbi əməliyyatlara başlaması ilk günlərdən başlayaraq uğurlu nəticələrə gətirdi. Ərazilərin ardıcıl işğaldan azad olması ilk növbədə Azərbaycan ordusunun döyüş qabiliyyətinin uğuru sayılır. Siyasi, mənəvi dəstəklə yanaşı Türkiyənin diplomatik cəbhədə ardıcıl və son dərəcə fəal mövqeyi həll edici rol oynadı. Azərbaycan-Türkiyə birgə hərbi təlimindən dərhal sonra Vətən müharibəsinin başlaması hərbi hazırlığın da yetərincə olduğu qənaətinə bağlı idi.

 

–  Ermənistanın türk-müsəlmanlara qarşı 100 illik qətliamı haqqında nə deyə bilərsiniz?
–  Ermənistan Respublikasının müstəqillik addımları Azərbaycana qarşı açıq hərbi təcavüzlə, soyqırım törətməklə başladı. Ermənistan Respublikası müstəqillik tarixini Qaradağlı, Xocalı soyqırımları, Şuşanın, Laçının işğalı ilə yazmağa başladı. Əslində müasir Ermənistan Respublikasının 30 illik tarixi başlanğıcdan günümüzədək təcavüz, qətliam, soyqırım, talan, işğal tarixidir. Təbii ki, dünya erməniliyi bütün bu qanlı-qara tarixi “qəhrəmanlıq” tarixi kimi təqdim və təbliğ edibdir, lakin 2020-ci ilin 44 günlük hərbi əməliyyatlarından sonrakı vəziyyət dünya ictimaiyyətinə bəlli olanda vandalizmin XXI yüzildəki mənzərəsi yəqin ki, erməni vəhşətini dönə-dönə yaşamış Azərbaycan xalqını təəccübləndirmədi. 100 il ərzində qaçqınlığı, qətliamı, talanı, işğalı, hər cür ağlasığmaz zorakılığı, işgəncəni yaşamış  Azərbaycan xalqı erməni düşmənçiliyinin eybəcərliyini hər səviyyədə görmüşdür, amma erməni riyakarlığı  hər cür vəhşiliyə qadir simasını məzlum pərdəsinə bürüməyə nail olub, türk-müsəlman dünyasının “qurbanı” kimi imic yaratmışdır. 
Əslində  erməni “məzlumluğunun” ideya müəllifləri müstəmləkəçi dövlətlərin siyasi dairələri olubdur. Osmanlı dövləti ərazisində yaşamış ermənilərdən “əzilən” bir xristian azlığı obrazı yaratmaqla onların ruhani institutunun xidmətlərini daha geniş coğrafiyada təşviq etmişlər. Osmanlı ərazilərindən pay bölgüsü aparmış dövlətlərin hər biri erməni separatizminin meydana çıxıb, genişlənməsində rol oynamışdır. XIX yüzildə bir neçə dəfə Osmanlı dövləti ilə müharibə aparmış Rusiya imperiyası hələ “erməni məsələsi” beynəlxalq dövriyyəyə daxil olmamış özünün Qafqaz siyasətində ermənilərdən strateji anlamda istifadə etmişdir. Fəth etdiyi Cənubi Qafqazı müsəlman sərhədləri əhatəsində saxlamağın təhlükəsini nəzərə alaraq özünə xristian inzibati dayağı yaratmağa başladı. Çar rejiminin Naxçıvan və İrəvan xanlıqları ərazisində təşkil etdiyi erməni vilayəti ermənilərin gözləntilərini doğrultmadı.
Siyasi cəhətdən təşkilatlanaraq rus çarını öz “padşahları” saymayan Rusiya təbəəsi olan ermənilər kilsə-partiya-diaspor işbirliyində açıq separatizmə başladılar. XIX yüzilin sonu - XX yüzilin əvvəllərində erməni separatizmi bir çox rus dövlət məmurunun qətlə yetirilməsi ilə terrorçuluq məzmunu aldı. Erməni təhdidləri Rusiyanın istər aidiyyatlı bölgələrdəki, istərsə də mərkəzdəki hakimiyyət qurumlarını ciddi narahat etmirdi. Ölkədəki sosial, siyasi gərginliyi artırmamaq məqsədilə mərkəzi hakimiyyət qurumlarının güzəştli mövqeyi erməni separatizmin təməlli aradan  qaldıra bilmədi.

 

–  Azərbaycanın torpaqlarında ermənilərin tarixən yerləşdirilməsi haqqında nə deyə bilərsiniz?
–  Azərbaycan Cümhuriyyətinin, əzəli Azərbaycan torpaqlarında yaradılan erməni dövləti ilə ilk razılaşdırdığı məsələ Qarabağın yuxarı hissəsi ilə bağlı olmuşdur. Bakının azad edilməsindən sonra növbəti hərbi əməliyyat Qarabağ ərazisində həyata keçirildi. Qarabağda Azərbaycan hakimiyyəti bərqərar oldu. 1919-cu il Qarabağ general-qubernatorluğunun yaradılması ilə başladı və fəaliyyəti ilə dövlətçilik tariximizdə, ərazi bütövlüyünün təmin olunmasında mühüm rol oynadı. 1920-ci il Cümhuriyyət tarixinin sonuncu təqvim ili olduğu kimi, Qarabağ əməliyyatı da sonuncu hərbi tədbiri və uğuru oldu. Əslində məhz ermənilərin 1920-ci ilin martında Qarabağda qaldırdığı qiyam Cümhuriyyətin müqəddəratını şərtləndirməli idi. Baxmayaraq ki, Azərbaycanın yenicə formalaşmış ordusu qiyamı yatırdıb, düşmən üzərində qələbə çaldı və Zəngəzuru azad etmək əzmində idi, sonuc etibarilə Azərbaycanın hərbi qüvvələrinin əsasən Qarabağ əməliyyatına səfərbər edilməsi səbəbi ilə şimal sərhədləri yetərli qüvvə ilə müdafiə olunmurdu. Halbuki, sovet Rusiyasının diplomatik təhdidləri və Azərbaycanın şimal sərhədləri istiqamətində güclü qoşun toplaması birbaşa Azərbaycan dövlətinin təhlükəsizliyini zərbə altında qoymuş, sonda isə qəfil və sürətli həmləsi ilə varlığına son qonmuşdu. 
Sovetlər dönəmində Qarabağın yuxarı hissəsi Azərbaycan və Ermənistanın sovet hakimiyyətləri arasında müzakirə predmetinə çevrilmiş, daha dəqiqi daşnak hakimiyyətinin əldə edə bilmədiyini, artıq sovet erməni hakimiyyəti ələ keçirmək istəmişdi. Sovet hakimiyyətinin mərkəzi bolşevik elitasının da meyl və dəstəyinə rəğmən 1921-ci ildə Qarabağın dağlıq və düzən əraziləri ilə birlikdə tam vahid təşkil etdiyini və Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayan Azərbaycan hökumətinin rəyini qəbul etmək məcburiyyətində qalındı. Lakin mərkəzi və yerli qeyri-azərbaycanlı bolşeviklərin, xüsusən də erməni bolşeviklərinin səyi ilə Qarabağın yuxarı hissəsinə 1923-cü ildə Azərbaycan tərkibində inzibati muxtariyyət verildi. 

 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.