Tramp hesab edir ki, o, "asanlıqla" İsrailin baş naziri ola bilər
ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yəhudi xalqı ilə bağlı müşahidələrini paylaşıb.
Qazet.az xəbər verir ki, İsrailin 9-cu kanalı buna diqqət çəkib.
“Heç bir prezident İsrail üçün məndən daha çox iş görməyib. Ancaq bir qədər təəccüblüdür ki, bizim gözəl evangelistlərimiz bunu yəhudi inanclı insanlardan, xüsusən də ABŞ-da yaşayanlardan daha çox qiymətləndirirlər. İsraildə yaşayanlar başqa məsələdir. Orada dünyada ən yüksək reytinqə sahibəm, asanlıqla baş nazir ola bilərəm. Amerika yəhudiləri çox gec olmadan bir araya gəlib İsraildə nəyə sahib olduqlarını qiymətləndirməlidirlər!”, - Tramp deyib.
Nəşr xatırladır ki, Tramp ilk dəfə deyil ki, İsrail və yəhudi millətindən olan insanlar haqqında danışır. Ötən ilin noyabrında o, ABŞ parlamentinə ən güclü təsirin yəhudi dövlətinin olduğunu bildirmişdi. "İsrail on il əvvəl Konqresə nəzarət edirdi və o, çox güclü idi" dedi Tramp. 2020-ci ilin sentyabrında Tramp ABŞ yəhudi icmasının yüksək rəhbərliyi ilə keçirdiyi konfransda İsraili “ölkəniz” adlandırdı. Tramp həmçinin bildirib ki, yəhudilər “birlikdə və yalnız özlərinin tərəfindədirlər”.