Trampın prezidentlik kampaniyası üçün pulu çatmaya bilər
ABŞ-ın keçmiş prezidenti Donald Tramp öz prezidentlik kampaniyasını maliyyələşdirmək üçün vəsait çatışmazlığı ilə üzləşə bilər.
Belə ki, Respublikaçılar Partiyasının əsas maliyyəçiləri Florida ştatının qubernatoru Ron DeSantis və digər potensial namizədlərə üstünük verirlər.
Tramp komandasının 110 milyon dollardan çox ehtiyatı olsa da, federal qanun onun bu vəsaitlərin hamısını kampaniyası üçün istifadə etməsinə mane olur. Pulun böyük hissəsinin rəsmi olaraq eks-prezident və onun kampaniyası ilə əlaqəli olmayan təşkilatlar tərəfindən toplandığına görə Tramp fondda mövcud olan ümumi vəsaitin yalnız 13,5 milyon dollarından istifadə edə bilər.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Respublikaçılar Partiyasının ən böyük sponsorlarından biri kimi tanınan amerikalı milyarder Kennet Qriffin bildirib ki, partiyada nəsil dəyişikliyinin vaxtı çatıb və ona görə də Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməməlidir. Qriffin özü Florida ştatının hazırkı qubernatoru DeSantisi dəstəkləmək niyyətindədir, lakin souncu hələ prezidentlik yarışında iştirak etmək barədə qərar verməyib.
Xatırladaq ki, Tramp noyabrın 16-da növbəti prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.
Mənbə: gazeta.ru