Türk Dövlətlərinin Bank Birlikləri Şurası yaradılıb
Azərbaycanın iştirakı ilə Türkiyənin İstanbul şəhərində Türk Dövlətlərinin Bank Birlikləri Şurasının yaradılması ilə bağlı imzalanma mərasimi keçirilib.
Qazet.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, mərasimdə Türkiyə Banklar Birliyinin (TBB) İdarə Heyətinin sədri Alpaslan Çakar, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev, Qazaxıstanın Banklar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Marat Baytokov, Qırğızıstanın Banklar Birliyinin İdarə Heyətinin sədr müavini Ənvər Abdraev, Özbəkistanın Banklar Birliyinin xarici əlaqələr üzrə direktoru Tahir Babamuradov iştirak edib. Bundan başqa, Gürcüstan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Aleksandr Dzneladze, Şimali Kipr Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Olgun Önal və Macarıstan Banklar Assosiasiyasının baş katibi Levente Kovacs tədbirə müşahidəçi qismində qatılıb.
Şura Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hüquqi normativlərinə, beynəlxalq konvensiyalara və nizamnamələrə uyğun fəaliyyət göstərəcək. Şura çərçivəsində rəqəmsal bankçılığın inkişafı, iqlim və ekoloji risklərlə mübarizə, ödəniş ekosistemlərinin yayılması kimi məsələlərdə əməkdaşlıq nəzərdə tutulub.