Bakı 6˚C Intermittent clouds

Türk Şurasının gücü artacaqmı? - TƏHLİL

Siyasət 17:02 20 sen, 2021

Atlas Araşdırmalar Mərkəzi Türk Şurasının gələcək perspektivlərini təhlil edir

Türk Şurasının gücü artacaqmı? - <span style="color:red">TƏHLİL</span>

Türkiyənin hakim partiyasının sədr müavini Binəli Yıldırım Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək zirvə görüşündə sədrliyin Türkiyəyə keçəcəyini bildirdi. Binəli Yıldırımın sözlərinə görə, növbəti zirvə görüşündə Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq: “Beləliklə 6 dövlət – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təşkilata tamhüquqlu üzv olacaq. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” olacaq. Macarıstan başda olmaqla müşahidəçi üzv olmaq istəyən 15 ölkə isə növbədə gözləyir”.

Türk Şurasında müşahidəçi olan Türkmənistanın quruma üzvlük istəyi təşkilatın gücünü və cazibəsini artıracaq. Bundan əvvəl Özbəkistan da Türk Şurasına qayıtmışdı.

Türk Şurasına yeni üzvlərin qəbulu və müşahidəçilərin artımı niyə əhəmiyyətlidir?

Birincisi, qurumun adı Türk Şurasıdırsa, burada türk soyuna və dilinə bağlı bütün dövlətlərin toplanması vacibdir. Əks halda Türk Şurası tam olmayacaq. Deməli, Türkmənistanın Türk Şurasına qoşulması ilə təşkilat bütün türkdilli dövlətləri əhatə etmiş olacaq.

İkincisi, türkdilli dövlətlər başqa regional təşkilatların da üzvləridirlər. Bunlardan Avrasiya İqtisadi Birliyini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və Şanxay Əməkdaşlıq Təşkilatını göstərmək olar. Birinci iki təşkilatda əsas dövlət Rusiyadır, Şanxay Əməkdaşlıq Təşkilatında isə Rusiya ilə yanaşı Çinin də rolu böyükdür. Rusiya və Çinin türkdilli dövlətlərlə sərhədi var. Bu baxımdan türkdilli dövlətlərin də öz aralarında siyasi, iqtisadi və gələcəkdə hərbi inteqrasiyanı gücləndirmək hədəfi var.

Üçüncüsü, Azərbaycanla Türkiyə Zəngəzur dəhlizi vasitəsilə bir-biri ilə quru yolla birləşəcəklər. Zəngəzur dəhilizi Mərkəzi Asiyanın tükdilli dövlətləri üçün də vacibdir. Onlar bu yolla Türkiyəyə çıxış imkanı əldə edəcəklər. Eləcə də Türkiyə Zəngəzur dəhlizi və Xəzər dənizi üzərindən Mərkəzi Asiyanın türkdilli ölkələrinə giriş imkanı qazanacaq. Türkmənistanın Türk Şurasına qoşulması səbəblərindən biri də budur. Digər tərəfdən Türkiyə və Azərbaycan Türkmənistan qazının öz ərazilərindən Avropa bazarlarına daşınmasında maraqlıdırlar. Aşqabad da bunu istəyir. Buna görə də yaxın gələcəkdə Türkmənistan qazının Xəzər dənizinin dibi, o cümlədən Azərbaycan və Türkiyə üzərindən alternativ bazarlara çıxışı müzakirə predmeti olacaq. Bu müzakirələri Türk Şurası çərçivəsində də aparmaq olar.

Dördüncüsü, Azərbaycanın ikinci Qarabağ savaşını qazanmasından sonra Türkiyə ilə siyasi və hərbi ittifaqı güclənib. Türkiyə-Azərbayvan hərbi ittifaqı Mərkəzi Asiyanın türkdilli dövlətlərinin diqqətini cəlb edib. Qazaxıstan və Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməyi düşünürlər. Türk Şurası çərçivəsində türkdilli dövlətlərin birgə hərbi təlimlərinin keçirilməsi də mümkündür.

Beləliklə, Türk Şurası çərçivəsində iqteqrasiyanın güclənməsi üçün perspektivlər var. Türk Şurası başqa dövlətlərə qarşı yönəlməyib. Əksinə, Türk Şurası digər dövlətlərlə də əməkdaşlığın genişləndirilməsini ehtiva edir. Təsadüfi deyil ki, ərazisində Tatarıstan, Başqırdıstan, Morvodiya, Tuva, Altay, Çuvaş kimi türkdilli bölgələr olan Rusiya da Türk Şurasına maraq göstərir.

Bu arada, BMT sessiyasına qatılan Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Nyu-Yorkun mərkəzində hündürmərtəbəəli “Türk evinin” açılışında iştirak edib. Adından da göründüyü kimi “Türk evi” Türkiyə ilə yanaşı türkdilli dövlət və xalqların ümumi evinə çevrilməli və bu evdə inteqrasiya xidmət edəcək ideya və layihələr müzakirə olunacaq.

“Atlas” Araşdırmalar Mərkəzi