Türkdilli ölkələrin qarşılıqlı ticarətdə milli valyutaların payını artırması təklif olunur
“Xarici ticarətdə milli valyutalardan istifadəyə etimad yaradan addımlar atmalıyıq”
"Türkdilli ölkələr milli iqtisadiyyatlarına xarici valyuta ilə bağlı təzyiqləri azaltmaq üçün qarşılıqlı ticarətdə milli valyutaların payını artırmalıdır".
Qazet.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilmiş iclasında bildirib.
"Xarici ticarətdə milli valyutalardan istifadəyə etimad yaradan addımlar atmalıyıq. Gəlin türkdilli ölkələrin tarixində mühüm yeri olan İpək Yolunu birgə səylərimizlə canlandıraq və bir-birimizlə daha da yaxınlaşaq. Ölkəmizin türkdilli ölkələrə yatırdığı investisiyalar 7,7 milyard ABŞ dollarına, onların Türkiyəyə yatırdığı investisiyalar isə 8 milyard ABŞ dollarına çatıb. Bu rəqəmlər arta bilər", - deyə o, qeyd edib.
Bundan başqa, Türkiyəli nazir deyib ki, əksər ölkələrin iqtisadiyyatında xidmət sektorunun payı sənaye və kənd təsərrüfatını üstələyir: "Müxtəlif xidmətlər qarşıdakı dövrdə də xarici ticarətin mühüm sütunlarından biri olacaq. Eyni zamanda xarici ticarətdə elektron ticarətin payı artmaqdadır. Xüsusilə pandemiya şəraitində ötən il qlobal elektron ticarət məbləği 4,2 trilyon ABŞ dollarına çatıb. Bu yeni dövrdə arzumuz türkdilli ölkələrlə xidmət ticarəti və elektron ticarət sahəsində əməkdaşlığı gücləndirmək, bunun üçün lazımi hüquqi infrastrukturu gecikdirmədən qurmaqdır".