Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən Avropaya nəqlini bərpa etmək istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan qazının Rusiyadan yan keçməklə Avropaya nəqlini bərpa etmək istəyir və bu mövzunu Türkmənistan və Azərbaycan ilə danışıqlarda müzakirə etməyi planlaşdırır.
Qazet.az bu barədə "Bloomberg”ə istinadən xəbər verir.
Məlumata görə, qazın Xəzər dənizi vasitəsilə Azərbaycana tankerlərdə, daha sonra isə Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsi ilə Türkiyəyə, oradan da Avropaya çatdırılması planlaşdırılır.
Agentliyin məlumatına görə, planın həyata keçirilməsi illər çəkəcək, lakin Avropa bazarı alternativ təchizatçı ilə maraqlanacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə nümayəndələri dekabrın 9-da Ankarada Rusiya nümayəndə heyəti ilə qaza 25 %-dən çox endirim əldə etmək imkanını müzakirə ediblər. Türkiyə endirimin təkcə 2023-cü ildəki ödənişlərə deyil, 2022-ci ildə bəzi əməliyyatlara da şamil olunmasını istəyir.
Qeyd edilir ki, Türkiyə istənilən səviyyədə endirimlə razılaşmasa, ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasını istəyəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və “Qazprom” rəhbəri Aleksey Miller arasında dünən keçirilən görüşdə Rusiya qazının türkiyəli istehlakçılara tədarükünə dair məsələlər, eyni zamanda, Türkiyədə qaz qovşağının yaradılması perspektivi müzakirə edilib.