Bakı 6˚C Intermittent clouds

"Türkiyə Ukraynanı dəstəkləyir" - Çavuşoğlu

Siyasət 14:08 10 yan, 2023
"Türkiyə Ukraynanı dəstəkləyir" - Çavuşoğlu

"Türkiyə Ukraynanın sülhlə bağlı təkliflərini dəstəkləyir".

Qazet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CAR-dan olan həmkarı Naledi Pandor ilə birlikdə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə Ukraynadakı müharibəyə son qoymağa çalışır: “Atəşkəs rejiminin əldə olunması istiqamətində addımlarımızı davam etdiririk. Hədəfimiz daimi sülhə nail olmaqdır. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günündən etibarən bunun üçün çalışır. Müharibəyə baxmayaraq, diplomatiyanın da nəticələrini görürük”.

M.Çavuşoğlu bildirib ki, Türkiyə “taxıl sazişi”nin icrasının davam etməsinə çalışır: "BMT ilə bu istiqamətdə əməkdaşlıq davam edir".

Xatırladaq ki, ötən il iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalanıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib. Oktyabrın 29-da Rusiya hakimiyyəti Sevastopolda Qara dəniz donanmasına “hücum” iddiası ilə “taxıl sazişi”ndən çıxdığını elan etmişdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “taxıl dəhlizi”nin bərpa olunduğunu bəyan edib və Türkiyənin Rusiya ilə danışıqları nəticəsində yenidən Ukraynanın ixracı sabitləşib.