Bakı 2˚C Mostly cloudy

Türkiyədə güclü ZƏLZƏLƏ - 22 nəfər xəsarət aldı YENİLƏNİB

Hadisə 07:14 23 noy, 2022
Türkiyədə güclü ZƏLZƏLƏ - 22 nəfər xəsarət aldı YENİLƏNİB

Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb.

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”, - Fahrettin Koca sosial şəbəkə hesabında yazıb.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur. Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.

***

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Qazet.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb.

Bundan əvvəl maqnitudanın 6,0 olduğu bildirilirdi. Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib.

Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

Düzce bələdiyyə sədri Faruk Özlü bildirib ki, ilkin məlumatlara görə, zəlzələ nəticəsində ölən olmayıb. Hazırda Düzcedə elektrik enerjisinin verilməsi dayandırılıb, ölkədə internet bağlantısı ilə əlaqədar problemlər var.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Süleyman Soylu zəlzələ baş verən andan indiyədək insan tələfatı ilə bağlı heç bir məlumatın daxil olmadığını deyib:

"İstanbul, Tekirdağ, Kocaeli, Əskişəhər, Zonguldak, Sakarya, Biləcik, Bolu, Karabük və Bartın vilayətlərində qruplarımıza can itkisi ilə bağlı məlumat daxil olmayıb. Hadisələrin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək".