Türkiyədən qol şousu - VİDEO
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun daha 2 oyunu keçirilib.
Qazet.az xəbər verir ki, G qrupunda Türkiyə yığması İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda Cəbəllütariq yığmasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Hesabı 11-ci dəqiqədə Kerem Aktürkoğlu açıb. 22-ci dəqiqədə Cəbəllütariq yığması Ceys Maskarenyas-Oliveronun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. "Ay-ulduzlular" qalan dəqiqələrdə say üstünlüyündən məharətlə yararlanıblar. Halil Dervişoğlu 38 və 41-ci dəqiqələrdə fərqlənərək, "dubl" edib. İkinci hissədə meydan sahibləri daha 3 qol vurub. Merih Demiral 65-ci, Serdar Dursun 81-ci, Mert Müldür 84-cü dəqiqədə fərqlənməyi bacarıb.
Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviyanın müqavimətini qıra bilməyib. Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. 17 xala malik Norveç 3-cü pilləyə enib.
Bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşdə Niderland səfərdə Monteneqroya qalib gələrsə, qrup lideri kimi dünya çempionatına vəsiqə qazanacaq. Bu halda, Türkiyə "pley-off" üçün mübarizə aparacaq. "Narıncılar" xal itirəcəyi təqdirdə isə qrupda ilk pillənin taleyi son tura qalacaq.
Günün ilk qarşılaşmasında isə Bosniya və Herseqovina yığması Finlandiyanı qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:3. Skandinaviyalılar 37-ci dəqiqədə Yukka Raytalanın qırmızı vərəqə almasına baxmayaraq, azlıqda qalib gəlməyi bacarıblar. İlk 2 qolu Finlandiya millisindən Markus Forss 29-cu, Robin Lod 51-ci dəqiqədə vurub. 69-cu dəqiqədə Luka Menalo fərqi azaltsa da, 73-cü dəqiqədə 17 yaşlı Daniel O Şonessi yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə sayəsində xalını 11-ə çatdıran Finlandiya D qrupunda 2-ci pilləyə yüksəlib. 7 xala malik Bosniya və Herseqovina isə 4-cü pillədə qalıb və pley-off şansını itirib.