Bakı 14˚C Mostly cloudy

Türkiyəli psixoloqlar 760 nəfərə yardım göstərib

Gündəm 13:15 25 okt, 2022
Türkiyəli psixoloqlar 760 nəfərə yardım göstərib

Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş 20 nəfərdən artıq psixoloq tərəfindən 2 aya yaxın müddət ərzində müharibədən əziyyət çəkmiş 760 şəxsə psixoloji yardım göstərilib.

Qazet.az mediaya istinadən xəbər verir ki, bunu FHN-in təşkil etdiyi media-tur zamanı psixoloqların koordinatoru Mustafa Çeskin deyib. Psixoloji yardım göstərilənlərin 104 nəfəri uşaq olub. Ümumilikdə isə bu müddətdə 1711 seans psixoloji yardım olunub. Kordinator-psixoloq göstərilən psixoloji yardımların olduqca yüksək nəticələr verdiyini qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin baş zabiti İlqar Abbasov da göstərilən psixoloji yardımların müsbət nəticə verdiyini, müalicə almış şəxslərin sonradan digər zərərçəkmişləri də müayinəyə cəlb etdiyini bildirib.

Qeyd edək ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə sentyabrın 5-dən etibarən psixoloji yardım işinə başlayıblar.

Bakı, Gəncə, Sumqayıt, Qəbələ, Bərdə və Lənkəran şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.