Türkiyənin Mersin şəhərində Zəfər Bayramı tədbiri keçirilib
“Azərbaycan türkləri üçün bu bayram ən gözəl bayramdır"
Türkiyənin Mersin şəhərində Qarabağ zəfərinin 1-ci il dönümü münasibətilə tədbir keçirilib. Tədbirdə iki dövlətin qardaş münasibətindən danışılıb və zəfərin vacibliyi qeyd edilib.
Tədbirə qatılanlar arasında Azərabycanın keçmiş Xarici İşlər Naziri və Bosniya Hersoqovinadakı səfiri Vilayət Quliyev də iştirak edib. Həmçinin burada Türkiyədən olan müxtəlif universitetlərin müəllim heyəti iştirak edib. Türkiyədən olan elmi işçilər arasında azərbaycanlılar da tədbirdə iştirak edib. Tədbirdə çıxış edənlər arasında Yeditepe Universitetinin tədris üzvü, Dr. Turac Əliyeva və Kahramanmaraş Sütçü İmam Universitetinin tədris üzvü, Dr. Mərziyə Məmmədli olub.
Qazet.az xəbər verir ki, Mersinin Toros bölgəsində keçirilən tədbirdə bölgənin Bələdiyyə Başçısı Atsız Afşın Yılmaz da iştirak edib. O çıxışı zamanı azərbaycanlı qonaqlarına bu panelə qatıldıqları üçün təşəkkür edib və onları qonaq kimi qəbul etməkdən sevinc duyduğunu bildirib.
Həmçinin Bələdiyyə başqanı çıxışında bir sıra maraqlı məqama da toxunub. O, Azərbaycanda ilk Qarabağ müharibəsi zamanı yaşanan hadisələrdən necə təsirləndiyini danışıb.
“46 yaşım var. Biz bu günlərə Azərbaycanda zamanında baş verən hadisələri elə bu şəhərin küçələrində protest etdiyimiz günlərdən gəlib çıxmışıq. Qarbağ Zəfəri mübarək olsun! Bu yolda canından keçən hər bir Şəhidi, yaralanan qazini və döyüşən qəhrəmanlarımızı yad edirik” deyə Bələdiyyə başçısı Yılmaz vurğulayıb.
Keçmiş XİN rəhbəri və Bosniya Hersoqovina səfiri Vilayət Quliyev isə sözlərinə “biz birlikdə güclüyük” deyərək başlayıb.
“Azərbaycan türkləri üçün bu bayram ən gözəl bayramdır. Biz 30 il basqı altında yaşadıq. Heç kim hadisələrin necə nəticələnəciyini bilə bilmirdi. Biz xalq olaraq həmişə inanırdıq ki müharibə nə vaxtsa olacaq və biz qalib gələcəyik. Türkiyə və Azərbaycan daim yan-yana olacaq və bu birlikdəlik daha da böyüyəcək”, deyə Vilayəq Quliyev vurğulayıb.