Bakı 11˚C Sunny

Türkmənistan İran vasitəsilə öz elektrik enerjisini üçüncü ölkələrə göndərmək istəyir

Biznes 15:22 18 iyn, 2022

 O da öz növbəsində Bakıya tədarük edir

Türkmənistan İran vasitəsilə öz elektrik enerjisini üçüncü ölkələrə göndərmək istəyir

Türkmənistan elektrik enerjisinin İranın enerji sistemi vasitəsilə üçüncü ölkələrə ötürülməsinə başlamağı təklif edir.

Qazet.az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Tehranda iki ölkə prezidentləri arasında hökumət nümayəndə heyətlərinin iştirakı ilə keçirilən danışıqlarda bildirilib.

Svop tədarükü praktikasından artıq Türkmənistan və İran istifadə edir. Belə ki, təbii qaz mübadiləsi sahəsində Aşqabad bunu Tehrana, o da öz növbəsində Bakıya tədarük edir.

Bu kontekstdə danışıqlarda digər bazarlara svop vasitəsilə yeni ixrac marşrutlarının açılması imkanları müzakirə olunub.

İran paytaxtında keçirilən görüşlərdə qeyd olunub ki, Türkmənistanın ona əvvəllər verdiyi təbii qaza görə borcun İran tərəfindən ödənilməsi istiqamətində işlər aparılır və bu məsələ həllini tapacaq.

İranın neft naziri Cavad Ovci iyunun əvvəlində Bakı Enerji Forumu zamanı deyib ki, İran Türkmənistan və Azərbaycan ilə üç ölkə arasında təbii qaz mübadiləsinin həcmini iki dəfə artırmaq barədə razılığa gəlib.

Nazir əlavə edib ki, İran, Türkmənistan və Azərbaycan ötən ilin noyabrında bağlanmış svop sazişində nəzərdə tutulan qazın həcminin iki dəfə artırılması ilə bağlı danışıqları demək olar ki, başa çatdırıblar.

Razılaşmaya əsasən, hazırda Türkmənistan İranın şimal-şərq rayonlarına gündə 5-6 milyon kubmetr, İran isə şimal-qərb sərhədində eyni həcmdə qaz tədarük edir.

Ovci yanvarda bildirib ki, İran Türkmənistanla qaz mübadiləsini gündə 40 milyon kubmetrə və ya ildə 10-15 milyard kubmetrə çatdırmaq üçün lazım olan imkanlara və infrastruktura malikdir.