“Twitter” Maskın başını bəlaya saldı: Milyarderə qarşı federal təhqiqat başladı
Amerikalı iş adamı İlon Mask “Twitter”in alınması ilə bağlı davranışına görə federal orqanlar tərəfindən istintaq altındadır.
Bu barədə məhkəmə sənədlərindən aydın olur.
Qeyd edilir ki, şirkət artıq bir neçə aydır Maskın vəkillərinə sahibkarın federal hakimiyyət orqanları ilə yazışmalarını tələb edən sorğu göndərib, lakin mesajlar hələ də təqdim edilməyib. Hesab olunur ki, sözügedən ismarışlar bu məhkəmə prosesində əsas məsələlərə aydınlıq gətirə bilər, ona görə “Twitter” bu sənədlərdə israrlıdır.
Xatırladaq ki, “Twitter”in investoru Cüzeppe Pampena Maskı sosial şəbəkənin səhmlərinin qiymətləri ilə manipulyasiya etdiyinə görə məhkəməyə verib. İnvestor əmindir ki, Mask oktyabrın əvvəlində “Twitter”i alma proseslərini bərpa etməyə razılaşıb, bu da əslində onun bu müddət ərzində müqavilədən çıxmaqla bağlı dediklərinin blef olduğunun etiraf etməsidir. O, iddia edir ki, Maskın fırıldaqçı və qeyri-qanuni fəaliyyəti sosial şəbəkənin səhmlərini çökdürüb, şirkətin investorlarına zərər verib, eyni zamanda amerikalı milyarderin danışıqlar mövqeyini yaxşılaşdırıb.
Mənbə: Bloomberg