Ukrayna Baş Qərargahı: “Rusiya məhkumları müharibəyə göndərə bilər”
Döyüş əməliyyatları sahəsində məhkumların cəza çəkməsini nəzərdə tutan Cinayət Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsi Rusiyanın Dövlət Dumasına təqdim edilib.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Rusiya qoşunlarının canlı qüvvə, silah və hərbi texnika itkiləri davam edir.
“Yalnız Luqansk vilayətinin Zolote rayonunda düşmən obyektinin atəşə tutulması nəticəsində Rusiya ordusunun 60-a yaxın hərbçisi ölüb, həmçinin 4 ədəd hərbi texnikası məhv edilib”, - məlumatda deyilir.
Baş Qərargah qeyd edib ki, Rusiya hərbi rəhbərliyi şəxsi heyətdəki itkilərin sayını gizlətməyə çalışır:
“Mövcud məlumata görə, Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Dəyişikliyə əsasən məhkumlar cəzalarının qalan hissəsini hərbi əməliyyatlar sahəsində çəkəcək.
Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində Rusiyanın hakimiyyət orqanları müharibə qaydalarını və insan hüquqlarını kobud şəkildə pozaraq şəxsi heyətin sayını artırmaq üçün əhalinin zorla səfərbər edilməsi ilə bağlı tədbirləri gücləndirib. Səfərbərlik tədbirlərinin vaxtında həyata keçirilməsi və yerli əhalinin müqavimətinin yatırılması üçün Berdyansk və Melitopol şəhərlərinə Rusiya Qvardiyasının əlavə hissələri cəlb edilib”.