Bakı 5˚C Mostly cloudy

Ukrayna səfiri Azərbaycana təşəkkür edib

Siyasət 12:26 12 mar, 2022

Biz sadəcə strateji tərəfdaş deyilik, həm də dostuq

Ukrayna səfiri Azərbaycana təşəkkür edib

“Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə, bütün Azərbaycan xalqına belə ağır dövrdə Ukraynaya yardım göstərdiyinə görə təşəkkürümü bildirirəm”.

Qazet.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski söyləyib.

O deyib ki, göndərilən humanitar yardım hazırda atəş altında qalan yüzlərlə dinc sakinin həyatını xilas edəcək:

“Bizə məhz bunlar lazımdır: medicament, tibbi avadanlıq, məhsul. Biz sadəcə strateji tərəfdaş deyilik, həm də dostuq. Artıq 17-ci gündür ki, Ukrayna Rusiyaya qarşı müharibə aparır. Onlar düşünürdü ki, Ukrayna təslim olacaq. Amma biz küçəyə çıxdıq, mübarizə apardıq. Rus tanklarına qarşı molotov kokteyllərindən istifadə etdik. Xalq düşmənə qarşı mübarizə aparır. Çünki onlar öz ailələri, öz ölkələri üçün mübarizə aparırlar. Ruslar bunu gözləmirdilər. Bu gün Ukraynada Vətən müharibəsidir. Qəddar, mürəkkəb müharibədir, çünki Rusiya strateji məqsədlərindən heç birinə nail olmayıb. İndisə taktikasını uzun məsafədən – Rusiya Federasiyası və Belarus ərazisindən Ukraynanın dinc şəhərlərini atəş açmağa dəyişib. Düşmən faktiki olaraq Suriya ssenarisinə keçib. Onlar Ukrayna şəhərlərini yerləbir etmək istəyir, onları Ağdamın vəziyyətinə salmaq istəyirlər. Düşmən Ukrayna ərazisinə İŞİD kimi terrorçu təşkilatları cəlb etmək istəyir. Düşmən kimyəvi bombadan istifadə etmək üçün planlar qurur. Lakin, necə deyərlər, maskalar cırılıb. Bu günədək ən çox dinc əhali əziyyət çəksə də - bu faktiki soyqırımıdır – düşmən Ukraynanın məğlub edilməsinin mümkünsüzlüyünü gördü. Ukrayna xalqı, Prezidenti, Silahlı Qüvvələri Rusiya ordusunun məğlubedilməzliyi əfsanəsini puça çıxardıb”.

Səfir qeyd edib ki, hazırda Ukraynada humanitar vəziyyət faciəvi xarakter alıb: “Rusiya tərəfi humanitar dəhlizlər söz verəndə biz təyin olunan vaxtda, təyin olunan yerdə dinc əhalinin atəşə tutulmasını görürük”.

Daha sonra diplomat anasının yaşadığı evin dağıdılmış halının şəklini jurnalistlərə nümayiş edib:

“Bu mənim anamın evi idi, daha doğrusu onun qalıqları. O, sığınacaqda olduğu üçün sağ qala bilib. Onun yerləşdiyi şəhərdə 3 dəfə qondarma humanitar dəhliz elan olunub, hər birində də mülki vətəndaşlar atəşə tutulub. Humanitar faciənin yaşandığı yerlər Mariupol, İzüm, Volnovaxadır. Bu minlərlə vətəndaşımızın faktiki olaraq girov saxlandığı şəhərlərdir. Bu rusdilli şəhərlərdir. Beləliklə, Rusiya Prezidentinin rusdilli əhalinin uydurduğu banderaçılardan qoruyacağına dair sözləri daha da sinik səslənir. Biz biz dünyanın, o cümlədən Azərbaycanın necə yardım etdiyini görürük. Lakin problem budur ki həmin şəhərlər yardımdan kəsilib. Biz həmin şəhərdə mülki əhali arasında itkilərimizin sayını bilmirik. Lakin faktlar var ki, onları 21-ci əsrdə təsəvvür etmək bir az çətindir: balaca uşaqlar, yaşlı insanlar susuzluqdan ölür, yəni onların içməli suya çıxışı yoxdur”.

V.Kanevski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da son açıqlamalarını şərh edib:

“Bilirsiniz, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Cenevrədəki BMT-nin İnsan Haqları Şurasında onlayn çıxışı zamanı, demək olar ki, bütün heyətlər zalı tərk edib. Düşünürəm ki, burada şərh yersizdir. Martın 9-da uşaq xəstəxanası və doğum evinin yerləşdiyi Mariupolun mərkəzi atəşə tutulub və bombalanıb. Növbəti gündə isə cənab Lavrov doğum evinin atəşə tutulmasını etiraf edib. O, buna guya orada yerləşən “banderaçı radikalları” səbəb göstərib. Bütün bunlar dağıntılar altından uşaqların, hamilə qadınların çıxarılması fonunda baş verib. Yeri gəlmişkən, həmin hamilələrdən birinin dünən övladı dünyaya gəlib”.

Həmçinin səfir Azərbaycan jurnalistlərinə minnətdarlığını bildirib.