Umberto Orta Dominges: " Paris olimpiadasında məqsədimiz 2 qızıl medal qazanmaqdır"
“2 illik zəhmətimizin bəhrəsini gördük və bizim üçün ən önəmlisi budur”
"Dünya çempionatı bizim üçün uğurlu alındı. Federasiyanın yaratdığı şərait boksçularımızın inamlı çıxışında böyük rol oynadı. Yarışda 88 ölkədən 500-dən çox boksçu iştirak edirdir. Elə bir mundial oldu ki, hər bir idmançı 5 və ya 6 görüş keçirməli idi. Keçirdiyimiz gərgin təlim-məşq toplanışlarının sayəsində bu medalları əldə edə bildik".
Qazet.az-ın məlumatına görə, bu fikirləri boks üzrə Azərbaycan millisinin baş məşqçisi Umberto Orta Dominges Serbiyanın paytaxtı Belqradda keçirlmiş dünya çempionatının nəticələri barədə federasiyasının rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, 3 döyüşdəki məğlubiyyət baş məşqçi kimi ona təsir edib: “Tayfur Əliyevin 1/8, Məsud Yusifzadənin 1/4 və Məhəmməd Abdullayevin 1/2 final görüşlərini nəzərdə tuturam. Onlar layiq olduqları qələbə ilə qiymətləndirilsəydi, medallarımızın sayı və əyarı müxtəlif ola bilərdi. Buna baxmayaraq, özümüzü xoşbəxt hiss edirik. 2 illik zəhmətimizin bəhrəsini gördük və bizim üçün ən önəmlisi budur. Bu nəticəni daha da yaxşılaşdırmaq üçün davam etməliyik”.
Kubalı baş məşqçi rinqdən kənarda aqressiv olmasına da aydınlıq gətirib: “Bu, idmandır və məşqçiyə aid olan xüsusiyyətdir. Məqsəd boksçuların rinqdə dediklərimi etməsi üçündür. Onlara qarşı hansısa təzyiq deyil. Əksinə daha da irəli getmələrinə hesablanan addımdır. Gələcək hədəflərimiz daha yüksəkdir. Paris Yay Olimpiya Oyunlarında məqsədimiz 2 qızıl medal qazanmaqdır. Ən azından dünya çempionatında qazandığımız mükafatlarla özümüz üçün yolu açdıq”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Alfonso Dominges (86 kq) qızıl, Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev isə (+92 kq) bürünc medal qazanıb.