“Ümid edirik ki, Ermənistan tərəfindən verilən son müsbət mesajlar yalnız sözdə qalmayacaq” - XİN başçısı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan müsbət addımlar gözlədiyini bildirib
“Bir neçə gündən sonra Vətən müharibəsinin başa çatmasının bir ilini qeyd edəcəyik. Xorvatiyalı həmkarımla müzakirələrimizdə üçtərəfli bəyanatların imzalanması, regionda yaranan yeni reallıqlar və onun perspektivləri müzakirə olunub. Azərbaycanın apardığı işlər barədə həmkarımı məlumatlandırdım”.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
C. Bayramov deyib ki, Xorvatiyanın təcrübəsi nəzərə alınaraq, post-münaqişə dövründə məcburi köçkünlərin geri qayıtması, reinteqrasiya məsələləri müzakirə olunub: “Dost və tərəfdaş şirkətlərin azad olunmuş ərazilərdə fəaliyyətini müzakirə etdik. Xorvatiya ilə minatəmizləmə sahəsində əməli işlər aparılır, müvafiq avadanlıqlar sifariş edilib və onlar Azərbaycana çatdırılır”.
Nazir qeyd edib ki, görüşdə beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, bəyanatların müddəalarının reallaşmasının labüdlüyü vurğulanıb: “Razılaşmanın vacib hissəsi olan kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiyanın bu gün Moskvada iclası keçirilir”.
C. Bayramov indiyədək Ermənistan tərəfindən ziddiyyətli bəyanatlar verildiyini, üçtərəfli komissiyanın iclaslarının bir müddət dayandırıldığını bildirib: “Ümid edirik ki, Ermənistan hökuməti tərəfindən verilən son müsbət mesajlar yalnız sözdə qalmayacaq, əməli istiqamətdə də müsbət nəticələr əldə edəcəyik”.