Ümumdünya Pişik Günü - Pişiklərə qayğı göstərək!
Hərəyə bir qab su, bir ovuc yemək verək, pişikləri sevindirək
Bu gün Ümumdünya Pişik Günüdür.
Qazet.az xəbər verir ki, Ümumdünya Pişik Günü, Beynəlxalq Heyvanlara Qayğı Fondunun (IFAW) təşəbbüsü ilə başladılıb və 2002-ci ildən bəri hər il 8 avqustda qeyd olunur.
Bu günün məqsədi dünyada pişiklərin problemlərinə diqqət çəkmək, onların həllinə nail olmaqdır.
IFAW və digər heyvan hüquqları təşkilatları Ümumdünya Pişik Günündə sığınacaqlarda qayğıya ehtiyacı olan, ağır yaşayış şəraiti ilə mübarizə aparan və zorakılığa məruz qalan pişiklər haqda insanlara məlumat verilir.
Alimlər iddia edir ki, 9 min ildən çoxdur insanlarla birlikdə yaşayan pişiklər bəşər övladının evcilləşdirdiyi ilk heyvandır. Bundan başqa, pişiklər insanların ən çox qəbul etdiyi və sahibləndiyi heyvan növüdür.
Evcilləşən, qayğı görən heyvanlardan savayı evi küçələr olan yüzlərlə pişiklər var. Onlar soyuqda, yağışda metrolara, binalara sığınırlar. Hərəyə bir qab su, bir ovuc yeməklə yüzlərlə pişiyi susuzluqdan, aclıqdan xilas edə bilərik. Axı onların da qayğıya ehtiyacı var.
Dünyada ən ali heyvan insandır. Biz dünyamızı, ətrafımızdakı canlıları qoruduqca dünya da gözəlləşəcək.
Bilirəm, aranızda heyvan sevməyən, onlardan diksinən nə qədər insan var. Ancaq kiçik bir toxunuşla, sığalla onlara içinizdəki sevgidən ötürün.
Mən parkda, küçədə nə qədər valideyn görmüşəm, övladlarını heyvanlara toxunmağa icazə vermirlər. Zatən çox uşaq valideyn sevgisindən məhrum qalıb. Barı icazə verin telefona yox, heyvanlara toxunsunlar.