Bakı 15˚C Sunny

"Uşaq pulu" problemi, dünyada və bizdə - ARAŞDIRMA

Eksklüziv 16:22 21 okt, 2021

“Sosial siyasət sözü Azərbaycanda hələ elmi əsasını tapmayıb”

"Uşaq pulu" problemi, dünyada və bizdə - <span style="color:red">ARAŞDIRMA</span>

Dünya təcrübəsində uşaqlara ayrılan müavinətlər uzun illərdir mövcudiyyətini qorumaqdadır. Buna səbəblər bəzən müxtəlif olur. Ancaq səbəblərdən öncə bu müavinət növünün hansı ölkələrdə mövcud olduğuna nəzər yetirmək lazımdır. Bu tip təqaüdlərə dünya təcrübəsində əsasən zəngin sayılan Avropa ölkələrində rast gəlmək olur. Avropa ölkələrində bu tip ödənişlərin əsas mahiyyəti kimi əhalinin ciddi surətdə azalmasını göstərmək olar. 

Bu mövzu ilə bağlı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (IISS) da araşdırma aparıb.  Əhali azalmasına görə aparılan araşdırma məqaləsində deyilir: “Avropa, son 60 ildə əhalisinin yarı yarıya azaldığı uzunmüddətli bir demoqrafik geriləmə yaşayır. Hazırda Lissabondan Moskvaya, Avrasiyadan Pekin və Tokioya qədər əhali artımı geriləmədədir. Əgər bu ölkələrdə əhali hələlik azalmırsa belə, gələcək nəsillərdə bu azalma özünü büruzə verəcək. Demoqrafik tənəzzül, Avropada dünyanın qalanına nisbətən daha kəskindir”.

Məhz yuxarıda göstərilən səbəblər Avropa ölkələri xüsusilə də qonşu Rusiyada uşaq müavinətinin verilməsinə stimul yaratmaqdadır. 

Hansı ölkələrdə uşaq müavinəti verilir və bu məbləğ nə qədərdir?

Your Guide To Child Benefit - everymum

Nümunə olaraq sıralasaq : 

Belçika - bir uşağa görə ailəyə verilən müavinət 77 avro, 2 uşağa görə 220 avro, 3 uşağa görə isə 432 avro təşkil edir.

Almaniyada - bir uşağa görə 190 - 200 avro, 3 uşağa isə 588 avro ödəniş edilir. 

Fransada bu ödənişlərin məbləği 2 uşaqdan etibarən başlayır və rəqəmlər 120 avrodan 582 avroya qədər dəyişir. 

Nisbətən daha zəif iqtisadi imkanlara sahib olan, şərqi Avropa ölkəsi Polşada 18 yaşdan kiçiklərə görə ailələrə 120 avro müavinət verilir. 

Finlandiyada 1 uşağa 100 avro, daha sonra isə hər əlavə uşaq üçün bu rəqəm 130 avro və 150 avroyadək artır. 

Kanadada ödəniş isə olduqca yüksəkdir. Belə ki, bu ölkədə ödənişlər 6 yaşdan kiçik hər uşağa görə edilir. Bir ailədəki hər 6 yaşdan kiçiklərə vergisiz 448 dollar ödənilir. 6 yaşdan 17 yaşadək isə 377 dollar təqaüd təyin edilir.

Birləşmiş Krallıqda 18 yaşına qədər olan uşaqlara 105 avro, İrlandiyada isə 140 avro verilir.

İsveçrədə isə yeniyetmə və gənclərin təhsil almasına görə dövlət dəstəyi mövcuddur. Bu məbləğ aylıq 210 avro ilə 440 avro arasında dəyişir. 

Göstərilən nümunələrdən də aydındır ki, adı çəkilən ölkələr Azərbaycandan dəfələrlə daha güclü iqtisadi imkanlara malikdir. 

Xatırladaq ki, qonşu Rusiyada da bu təqaüdlər mövcuddur. Moskvada ödənişlər 20 ilə 200 avro arasında dəyişir. Rusiya Federasiyasının digər bölgələrində rəqəmlər dəyişkən xarakter daşıyır. 

Azərbaycanda isə bu müavinətlər 2006-cı ilədək ödənilirdi. Bu ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən edilirdi və dövrün iqtisadi imkanları nəzərə alınaraq bu müavinətlər 9 manat təşkil edirdi. Hazırda isə bu tip müavinət növü Azərbaycanda mövcud deyil. İndi bu tip ödənişlər müxtəlif səbəblərdən asılı olaraq verilir, müxtəlif növ müavinətlərin ayrıldığı ailələr arasında müharibə əlili ailəsi, Çernobıl əlillərinin ailələri və şəhid ailələri var. 

Mövzu ilə əlaqədar Qazet.az-ın suallarına sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu aydınlıq gətirib. 

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: &quot;YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK  BİRLİYİ QURTARA BİLƏR&quot;
Əhməd Qəşəmoğlu, iqtisad elmləri doktoru, sosioloq.

Onun sözlərinə görə, 2006-cı ildə uşaq müavinətinin verilməsinin ləğvi özündə müxtəlif səbəbləri ehtiva edirdi. Əsas məsələ isə hələ o zamanlar neft pullarının ölkəyə yenicə giriş etməsi və dövlət büdcəsinin yetərli dərinliyə sahib olmaması müavinətlərin dayandırılmasına səbəb kimi göstərilmişdi. Ancaq sosioloq Əhməd Qəşəmoğlu düşünür ki, bu müavinətlərin birdən-birə ani olaraq dayandırılması yanlış addım idi.

“Uşaq müavinətlərinin bu şəkildə mexaniki olaraq ani şəkildə ləğv edilməsini bir sosioloq olaraq hər zaman tənqid etmişəm. Mən düşünürəm ki, əgər ölkənin iqtisadi imkanları buna şərait yaratmırsa, müavinət ödənilməsi mümkün deyilsə, müəyyən bir dövr üçün diferensial yanaşmaya getmək olardı. Yəni çox yoxsul ailələri müəyyənləşdirib onlara bu məbləğlərin ayrılması reallaşdırıla bilərdi. Özü də bu müəyyənləşdirmə prosesi indiki kimi yox, şəffaf və obyektiv şəkildə edilməlidir”.

Müxtəlif zamanlarda ortaya atılan “uşaq pulu” müzakirələri isə bəzi hallarda sual doğurur. Sosial şəbəkələrdə və gündəlik həyatda bu mövzuda aparılan dialoqlarda, jurnalist məqalələrində bəzən isə deputat çıxışlarında bu müavinətlərin “hər kəsə” verilməsi təklif olunur. Bunu isə həmin şəxslər “ədalətsizlik” olmaması üçün dediklərini iddia edirlər. Əhməd Qəşəmoğlu bu barədə Qazet.az-a açıqlamasında bildirib ki, bu tip yanaşma səhvdir. Maddi imkanı orta və ya yaxşı olan, ailələr üçün bu müavinətlər elə də bir məna kəsb etməyəcək. 

“Konkret variantı fikirləşmək və təklif etmək lazımdır. Zəngin ailədə “uşaq pulu”na elə də ehtiyac yoxdur. Ancaq kənd yerlərində, rayon yerlərində, elə paytaxt Bakının özündə çox sayda aztəminatlı ailələr var ki, onların bu məbləğə çox ehtiyacı var. Nəzərə almaq lazımdır ki, bu uşaqlar bu ölkənin övladlarıdır. Bu ödənişlər onların keyfiyyətli vətəndaş kimi yetişməsinə dəstək olmalıdır. Burada sosial siyasət formalaşdırmaq lazımdır. Sosial siyasət sözü öz-özlüyündə Azərbaycanda hələ elmi əsasını tapmayıb. Rusiyada bu ödənişlər əhalinin azalmağa doğru gedişini dayandırmaq üçün nəzərdə tutulub. Biz isə məsələyə sırf bu səbəbdən yanaşmamalıyıq. Bizə keyfiyyətli vətəndaşlar lazımdır. Əgər anadan olacaq körpə daha sonra lazımi təhsillə, imkanlarla təmin olunmayacaqsa, o insan gələcəkdə elə ölkənin özünə yükdür. Buna görə sosial siyasət məsələləri olduqca ciddi nəzərdən keçirilməlidir” - deyə sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Xatırladaq ki, hər il müəyyən dövrlərdə bu müavinət növü aztəminatlı ailələr tərəfindən dilə gətirilir. Məsələyə müxtəlif yanaşmalar mövcud olsa da dəqiq olan odur ki, belə bir müavinət növü hazırda Azərbaycan Respublikasında mövcud deyil.

Paşa Bayramov


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.