ÜST-dən ŞOK AÇIQLAMA: Koronavirus endemik fazaya keçir
Törədiciləri daim müəyyən məkanlarda olan infeksiyalar da endemik ola bilir
Sars-Cov-2 virusu tədricən endemik olur, bu, hələlik baş verməyib, ancaq Ümumdünya Səhiyyə Təşkilatı situasiyanın inkişafının müxtəlif ssenarilərini gözdən keçirir.
Qazet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Xəstəliklər üzrə Texniki Qrupunun rəhbəri Mariya Van Kirkhove deyib.
Endemik xəstəliklər - hansısa bir region üçün adi olan, oranın insanları arasında rast gəlinən mərəzlərdir. Törədiciləri daim müəyyən məkanlarda olan infeksiyalar da endemik ola bilir.
"Koronavirus getdikcə endemik olmağa yönəlir. Buna hətta heç bir şübhə yoxdur. Ancaq biz hələlik koronavirus pandemiyasının düz ortasındayıq, yayılma səviyyəsi, onun intensivliyi, eləcə də yeni yoluxmaların əsas tibbi xidmətlərə, hospitalizasiya səviyyəsinə təsiri çox böyükdür... Koornavirus endemik olmaq yolunda "addımlayır", amma hələ biz o mərhələyə çatmamışıq", - ekspert deyib.
Van Kirkhove vurğulayıb ki, ÜST koronavirusun omikron ştammının yaranması ilə əlaqədar situasiyanın inkişafının müxtəlif ssenarilərini nəzərdən keçirir.
"Virus inkişaf edir və artıq "delta"nı da üstləyən "omikron", yəqin ki, haqqında danışdığımız sonuncu ştamm olmayacaq. Odur ki, məchulluq elementi ilə üz-üzəyik. Məsələn, qrip, tipik mövsümi xəstəliklərdəki kimi ehtimallar əlimizdə yoxdur. Mümkündür ki, vaxtilə buna da nail olacağıq", - o əlavə edib.
ÜST nümayəndəsi qeyd edib ki, dünyada pandemiya davam etdiyi halda koronavirus bir ölkə üçün endemik ola bilməz.
Qeyd edək ki, koronavirusun yeni B.1.1.529 ştammı 2021-ci il noyabrın 20-də Botsvana və Cənubi Afrikada aşkar edilib. Güman olunur ki, B.1.1.529 ilkin olaraq, immuniteti zəif olan, məsələn, İİV-ə yoluxmuş insanlarda ortaya çıxıb.(publika.az)