“Ustad” dərgisinin 39-cu sayı Hüseyn Cavidə həsr edildi
“Hədəf Nəşrləri”nin rüblük ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın 39-cu sayı işıq üzü görüb.
Nəşriyyatdan Qazet.az-a verilən məlumata görə, jurnalın budəfəki sayı böyük dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunub.
Dərgi bir qayda olaraq baş redaktor Şəmil Sadiqin yazısı ilə açılır. O, “Hüseyn Cavid Allah haqqında əsər yazacaqdı” məqaləsində maraqlı məqamlara toxunur.
“Azroman” rubrikasında cavidşünas, tənqidçi Azər Turan “Modernizmin iqlim qurşağına ilk daxil olan şair – Hüseyn Cavid” adlı araşdırmasında oxuculara çox da məlum olmayan mətləbləri açır. Ədəbiyyatşünas, tənqidçi Elnarə Akimova isə “Çağdaşımız Cavid – əsr vaqeələri qarşısında heyrət nidası ilə” yazısında o dövrün ədəbi mühitinə, eləcə də Hüseyn Cavid yaradıcılığına işıq tutur.
Yazıçı Xəyalə Murad “İkibaşlı” rubrikası altında “Müşkinaz Cavid repressiyası”ndan söz açır.
Dərginin müxbiri Humay Hüseynli bu dəfə Hüseyn Cavidin Ev-Muzeyindən reportaj hazırlayıb.
Jurnalist Nuranə Abbasova “Kinopasport” rubrikasında “Polşa estradasının ağ mələyi” adlandırılan Anna German və onun haqqında çəkilən serialdan danışır.
“Poeziya” rubrikasında bu dəfə şairlər Mina Rəşid və Tural Turanın yaradıcılığına yer verilib.
Yazıçı Sevinc Elsevər “Bu kino ki var...” rubrikasında “Şamil Nəcəfzadənin yaradıcılığında repressiya mövzusu və Cavid əfəndi” yazısı ilə oxucuların görüşünə gəlir. Sevinc Elsevər, həmçinin “Gəl uşaq olaq” rubrikasında balaca şairlər Banu İlqarqızı, Ceyran İsmayılova və Rəşid Əzimzadənin şeirlərini təqdim edir.
Filoloq Nizami Hüseynov “Dəyirman daşı” rubrikasında absurd dil qaydaları ilə bağlı “Zamanı gəldi...” deyir. Dərginin bu sayında Nizami Hüseynovun Hüseyn Cavidlə “söhbət”i də yer alıb.
Yazıçı-tərcüməçi Svetlana Turan “Yerli hekayə” rubrikasında “Günəşin insanları” hekayəsini təqdim edir.
Yazıçı Cəmilə Məmmədli “Sərhədsiz incəsənət” rubrikasında “Öldürən rəqsdən həyata bağlayan rəqsə” yazısı ilə paralelləşdirmələr aparır.
Redaktor İlahə Əhmədova “Kitab rəfi” rubrikasında “30024” yazısı ilə Ülviyyə Tahirin “Şükriyyə taleyim” kitabından danışır.
Yazıçı Ceylan Mumoğlu “Psixotrap” rubrikasında “Hüseyn Cavid yaradıcılığında İblis psixikası”nı açmağa çalışır.
Yazıçı Əlabbas Erix fon Denikenin “Tarıların arabaları” kitabını “Hədəfdəkilər” rubrikasında “Hamının oxumalı olduğu kitab” adlandırır.
Şair-tərcüməçi Ümid Nəccari “Yad sətirlər” rubrikasında yunan şair Yannis Riçosun şeirlərindən bir neçəsini oxuculara təqdim edir.
Dərgi həmişəki kimi Mirzə Bartlbinin “Sözbaz” rubrikası ilə qapanır. Bartlbi bu dəfə şair, yazıçı Rasim Qaracanın “Sənin toxunduğun hər şey” hekayələr kitabını tənqid edir.
“Ustad” dərgisinin illüstrasiyalarını isə rəssam Vasif Səftərov və balaca rəssamlar Zivər Rzayeva ilə Zeynəb Quluzadə çəkiblər.
Qeyd edək ki, dərginin qiyməti 7 manatdır.