Vaksindən virusa yoluxmaq mümkündürmü? - Baş infeksionistdən AÇIQLAMA
Vaksindən virusa yoluxmaq mümkündürmü?
Vaksindən koronavirusa yoluxmaq barədə səsləndirilən fikirlər doğru deyil, çünki vaksindən virusa yoluxma mümkün deyil.
Qazet.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
T.Eyvazov bildirib ki, əgər insan vaksin vurduran ərəfədə və yaxud sonra virusa yoluxursa, bunu vaksinlə əlaqələndirmək doğru deyil:
"Vaksinlərin tərkibində canlı virus olmadığına görə onların istifadəsindən yoluxmaq mümkün deyil. İstər vaksin vurulan ərəfədə, istərsə də vaksin vurdurduqdan sonra insan virusa yoluxa bilər və bu gizli dövrdən sonra (2-14 gün arası) meydana çıxa bilər. Bu yoluxmanın səbəbi vaksin deyil, viruslu insanla təmasda olmaqdır".
Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Hazırkı dövrədək ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 844 517 təşkil edir.