Valideynlərin NƏZƏRİNƏ: Belə uşaqlar gələcəkdə qətl törətməyə meyilli ola bilər
Bu günlərdə Rəşad Dağlının qətl törətməsi ölkədə gündəmi zəbt edən əsas mövzulardan biri oldu. Əlbəttə ki, bu nə ilk hadisə deyildi, nə də ki, təəssüf ki, son deyil. Ancaq Rəşad tanınmış, çoxlarının sevdiyi bir insan olduğu üçün bu mövzü demək olar ki, bütün ailələrdə müzakirə mövzusu oldu. Çoxları meyxanaçıya narkotiklə mübarizə apardığı üçün haqq qazandırdı. Bir narkotaciri öldürdüyü üçün ən azı onu qəhrəman adlandıranlar da oldu. Bütün bu müzakirələr uşaqların, azyaşlıların yanında baş verdi. Uşaqların psixologiyası daha həssas olduğu üçün bunun onların həyatına, psixologiyasına etdiyi təsir valideynləri narahat etməyə bilməz.
Məsələn, uşaqlar elə zənn edə bilərlər ki, hansısa narkotaciri, söyüş söyəni, kiminsə şərəf və ləyaqətini alçaldan birini mütləq öldürmək lazımdır. Gələcəkdə də onların yaddaşında bu belə qalacaq. Və adi mübahisə baş verdikdə ilk ağıllarına gələn həmin insani öldürmək olacaq.
Mövzu ilə bağlı Qazet.az-a danışan tanınmış psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, belə uşaqlar gələcəkdə cinayət törətməyə meyilli ola bilər.
"Öncə Rəşad Dağlı ilə olan məsələyə aydınlıq gətirmək istəyirəm. Ümumiyyətlə bu elə bir məsələdir ki, hərə bir müzakirə tərzi irəli sürür. Elə insanlar var ki, deyilər ki, Rəşad Dağlını şantaj eləyirdilər. Ona görə o bu hərəkəti etməyə məcbur olub. Əzəldən həmişə "məhəllə"də olan qayda-qanunlar, bir də dövlətin qayda-qanunları olub. Biz hər zaman insanların ümumi qayda-qanunla işləməsinin tərəfdarı olmuşuq. İnsanlar ümümi qayda-qanuna riayət etsinlər. İnsaniyyət hər zaman önəmli olmalıdır, hümanistlik hər zaman önəmli olmalıdır. Bəzən təəssüf olsun ki, çox valideynlər uşaqları öz qaydaları ilə böyüdür. Bu da onlarda aqressiya yaradır. Məsələn elə ailələr var ki, digər ailələrə qarşı kin bəsləyir və düşünmür ki, bunu uşaqlarına ötürə bilərlər. Nə qədər də vicdan məsələsi olsa da, nə qədər də şəxsi məsələyə toxunmaq məsələsi olsa da mən düşünürəm ki, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdırlar. Biz heç bir uşağı qatil böyüdə bilmərik. Heç bir ölümün də arxasında qəhrəman dayana bilməz. Əlbəttə ki, buna fərqli yanaşanlar da olur. Bunu "Kişilik məktəbi" sayırlar. Bəziləri düşünür ki, belə olmalı idi, başqa cür mümkün deyildi. Ancaq mən düşünürəm ki, bu bir aqressivlikdir, affekt vəziyyətidir. Mən özüm də oxumuşdum ki, Rəşad Dağlı bildirib ki, birinci zərbə yadımdadır, qalanı yadımda deyil. Demək insan affekt vəziyyətində olub, nə etdiyini bilməyib. Bir insanı öldürmək elə də asan bir şey deyil. Və çox təəssüflər olsun ki, çox vaxt cinayət törədən insan yenidən cinayət törətməyə meyilli olur. Ona görə də mən düşünürəm ki, bu məsələyə bir az fərqli yanaşılmalıdır. Ailədaxili tərbiyənin çox önəmi var. Hər zaman uşaqlara ailədə problemli insanlardan uzaq durmaq tapşırılır ki, onlar sənə zərər yetirməsinlər. Əlbəttə ki, öz gücünü bil, öz gücünə inan, amma belə problemdən uzaq olmaq lazımdır. Bu ictimailəşdikcə insanlarda da haqq qazandırma məsələsi önəm kəsb etməyə başlayır. Və bu da gələcəkdə aqressiv, cinayətə meylli uşaqların yetişməsinə səbəb ola bilər".
Gülnar Süleymanova / Qazet.az