Vasif Talıbovun İrana oxumağa göndərdiyi gəncin meyiti tapıldı
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun İrana təhsil almağa göndərdiyi gəncin meyiti tapılıb.
Qazet.az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz məlumat paylaşıb.
Onun sözlərinə görə, Vasif Talıbovun himayədarlığı ilə İranın Qum şəhərinə təhsil almağa göndərilən və daha sonra meyiti Araz çayından tapılan gənc Babək rayonunun Qahab kəndindəndir:
“İddialara görə, atası Naxçıvanlı uşaqların casusluğa cəlb olunması barədə müvafiq orqanlara şikayət edibmiş. Tələbənin meyiti də məhz bu şikayətdən sonra Araz çayından tapılıb”.
Qahab sakinlərindən biri yazır:
“Bu oğlan qahablı idi. Dedilər, üz gözünu balıqlar yeyib tanınmır. Onu zorla tez basdırdılar ki, araşdırılmasın. Ailəsi inanmırdı ki, meyit övladlarınındır”.
Jurnalist yazısında iddia edir ki, Vasif Talıbov 1992-ci ildən İran kəşfiyyatına işləyirmiş:
“1992-93-cü illərdə İran kəşfiyyatının Əli adlı adamı Naxçıvanda bir çox rəsmilərlə görüşür. Məqsədi İranın Qum şəhərində təhsil almağa uşaq aparmaq olur. Əli adlı bu missioner əvvəl o dövrün Təhsil naziri Nazim Əkbərlə görüşüb. 30 nəfər şagirdin seçilib onlara verilməsini xahiş edib. Maraqlıdır ki, iranlı missioner abituriyent seçiminin normal qaydada və rəsmi şəkildə aparılmasını istəmir. Bu barədə İranla Naxçıvan hökumətləri arasında hər hansı müqavilə bağlanmasına da razı olmur. Nazim müəllim bu sövdədən duyuq düşür və missionerin tələbini geri çevirir. Fəqət üzərindən bir müddət keçəndən sonra məlum olur ki, Naxçıvandan gizli yolla 30 abituriyent Qum şəhərinə aparılıb. Təbii ki, Naxçıvan Təhsil Nazirliyindən xəbərsiz şəkildə. Bu gizli sövdənin üstü o zaman açılır ki, Qum tələbələrindən birinin meyiti Araz çayından tapılır. Daha sonra Quma aparılan uşaqlardan bir başqası isə Naxçıvan şəhərindəki 5 mərtəbəli evin 4-cü mərtəbəsındə yerləşən mənzilərindən özünü ataraq intihar edir. Bu müəmmalı ölümlərin səbəbi indiyədək aydınlaşdırılmayıb. Araşdırmalar nəticəsində o da məlum olur ki, 30 abituriyentin gizli şəkildə Quma aparılması həmin illərdə Ali Məclis sədrinin baş müşaviri işləyən Vasif Talıbovla İran missioneri Əli arasında əldə olunan sözlü anlaşma nəticəsində baş tutub. Belə çıxır ki, Vasif Talıbov bineyi-qədimdən İrana işləyirmiş”.
Jurnalsit həmçinin qeyd edir ki, 1992-ci ildə Vasif Talıbovun himayəsi ilə 30 tələbənin İranın Qum şəhərinə təhsil almağa aparıldığını o dövrdə Naxçıvanın Təhsil naziri olmuş Nazim Əkbərov da təsdiqləyib.
"Bu faktlar doğrudur. Bunu o illərdə Ali Məclisdə yüksək vəzifədə işləmiş şəxslər də təsdiq edə bilər. Özünü Əli kimi tanidan həmin İranli missionerlə 1996 və ya 1997-ci ildə o zamankı Əli Bayramlı (bu gun Şirvan) şəhərində də rastlaşdım. Soruşdum, dedilər İrana tələbə aparmaq istəyir. Sonra yox oldu. Hər halda fırıldağının ustü açıldığına gorə ya aradan çıxdı, ya da dövlət onu arzu edilməz şəxs elan etdi".
Qaynaq