Bakı 16˚C Mostly sunny

Vergi xidməti beynəlxalq forumda

Biznes 12:20 23 noy, 2022
Vergi xidməti beynəlxalq forumda

Azərbaycan Macarıstanın paytaxtı Budapeştdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) keçirdiyi “İnsan resurslarının idarə edilməsi” forumunda təmsil olunub.

Qazet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, tədbirdə 25 ölkədən 44 nümayəndə iştirak edib. Dövlət Vergi Xidmətini tədbirdə qurumun İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova, İnsan resursları baş idarəsinin şöbə rəisi Leyla Babayeva, Tədris Mərkəzinin şöbə rəisi Ülkər Kazımova təmsil ediblər.

Forumda A.Kərimova “İnsan resurslarında təkmil qərarların qəbul edilməsinə təkan verən təşəbbüslər və alətlər” mövzusunda təqdimatla çıxış edib. O, bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair strategiya”da 5 Milli Prioritetdən biri rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması, gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün prioriteti yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bunun üçün müasir təhsili və innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu çağırışlara uyğun olaraq istedadlı əməkdaşların cəlb edilməsi, inkişafı və mükafatlandırılması ilə işçi təcrübəsi keyfiyyətinin və məmnuniyyətinin artırılması istiqamətində görüləcək tədbirlər müəyyən edilib. A.Kərimova vergi orqanı əməkdaşlarının qiymətləndirilməsi, onların fəaliyyətinin təhlili və işçi heyətinin potensialının artırılması üçün tətbiqi nəzərdə tutulan alətlər və mexanizmlər barədə də məlumat verib, işçi heyətinin tərkibi və müxtəlif sahələr üzrə təsnifatı barədə göstəriciləri diqqətə çatdırıb.

Forumda qərarların qəbulunu təkmilləşdirmək, işçi kapitalını idarə etmək və insan resurslarının bütün sahələrində məlumatlara əsaslanan qərarları qəbul etmək üçün məlumatların toplanması, emalı və təhlili yanaşmaları barədə fikirlər səsləndirilib. Tədbirdə insan resursları sahəsində məlumatların əldə edilməsi, təhlili və istifadəsi sahəsində daha mükəmməl həllərin müəyyənləşdirilməsi mövzusunda qrup müzakirələri təşkil olunub. DVX-nin nümayəndələri müzakirələr zamanı təmsil etdikləri qurumun təcrübəsini bölüşüb və təkliflər səsləndiriblər.

Forum çərçivəsində Belçika, Estoniya, Finlandiya, Böyük Britaniya, Avstriya, Yunanıstan, İsveçrə, İrlandiya, İsveç, Rumıniya və s. ölkələrdən olan çıxışçıların təqdimatları da dinlənilib.