Vətəndaşın davranışının analizi ilə bağlı tədqiqatlar aparılır
İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan Qazet.az-a bildirilib ki, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova “E-demoqrafiya platformasında hüquqi vətəndaşın müəyyən olunması məqsədilə davranışın analizi” mövzusunda məruzə ilə çıxış edib
Məruzəçi elmi işində tədqiqat istiqamətləri barədə məlumat verib, vətəndaşların davranışının analizi və e-dövlətin səmərəli idarə olunmasında vahid milli reyestrin vacibliyindən danışıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək bildirib ki, elektron demoqrafiya sisteminin IV Sənaye İnqilabının çağırışlarına adekvat olan qabaqcıl texnologiyaların tətbiqi ilə sürətlə inkişaf etməsi e-demoqrafiya məsələsini aktuallaşdırır. “E-demoqrafiya sistemini cəmiyyətin rəqəmsal əkizi hesab etmək olar”, – deyən alim bu sistemə fərd haqqında məlumatların daxil olması, toplanması və analizinin vətəndaşın davranışı haqqında proqnoz vermək üçün zəmin yaratdığını diqqətə çatdırıb.
Akademik qeyd edib ki, adətən müxtəlif təşkilatlar və qərarverici orqanlar vətəndaşla bağlı hər hansı qərar verməzdən öncə ona aid bütün hüquqi sənədləri araşdırır. E-demoqrafiya sistemində vətəndaşın hüquq və vəzifələrini, yəni ümumi obrazını müəyyən etmək üçün əvvəlcə ümumi davranış standartı (şablon) yaradılmalıdır. Bu şablondan kənar davranışı aşkarlayan sistemin yaradılmasında isə maşın təlimi metodlarından və müxtəlif yanaşmalardan istifadə etmək olar.
R.Əliquliyev e-demoqrafiya platformasında hüquqi vətəndaşın müəyyən olunması məqsədilə davranışın analizi istiqamətində aparılan tədqiqatların intensivləşdirilməsinin zəruriliyini vurğulayıb, tədqiqatçıya mövzunun daha dərindən araşdırılmasına dair təklif və tövsiyələr verib.