Vüqar Səfərli devalvasiyadan 4 milyon manat necə qazandı?
KİVDF-nin sabiq icraçı direktoru milyonları necə qazandığını danışıb
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Qazet.az xəbər verir ki, məhkəmə zamanı prokuror bildirib ki, V. Səfərlinin adına ümumilikdə 4 milyon 75 min manat vəsait olub. Həmin məbləğlə bağlı məsələyə münasibət bildirən təqsirləndirilən şəxs deyib ki, həmin vəsaiti o, devalvasiya zamanı əldə edib:
"Ölkədə devalvasiya vaxtı mənim bankda vəsaitim olub. Həmin vəsaiti dollar bahalaşmazdan əvvəl bankdan çıxardım, dollara çevirib yenidən banka yatırdım və bu prosesdə yaxşı qazandım. Pulu bir müddət dollar kimi bankda saxlayandan sonra faiz az olduğu üçün çıxardım. Manat sabitləşəndən sonra həmin məbləği manatla yenidən banka qoydum. Müstəntiq isə bunu yeyinti kimi qeyd edib”.