WhatsApp istifadəçilərini məyus edən yenilik
Məşhur mesajlaşma proqramı WhatsApp məxfiliyi gücləndirən xüsusiyyət əldə edəcək.
Qazet.az bildirir ki, təfərrüatlar WABetaInfo portalının mütəxəssisləri tərəfindən açıqlanıb.
Bildirilir ki, messencerin tərtibatçıları istifadəçilərə skrinşot çəkməyi, birdəfəlik baxmaq üçün nəzərdə tutulmuş foto və videolar çəkməyi qadağan edəcək. Ekran görüntüsünü çəkməyə çalışdığınız zaman, təhlükəsizlik siyasətinə görə bu hərəkətin mümkün olmadığını bildirən bir "pop-up" bildirişi görünəcək. İstifadəçi çəkiliş üçün üçüncü tərəf proqramlarından istifadə etmək qərarına gəlsə, nəticədə qeyddə yalnız qara ekran olacaq.
Aydınlaşdırılır ki, həmsöhbətləri tərəfindən birdəfəlik media faylları çəkməyə cəhd edilən istifadəçilər bu barədə bildiriş almayacaqlar. Bundan əlavə, yeni funksiyanın ortaya çıxması tam məxfiliyə zəmanət verə bilməyəcək, çünki istifadəçinin smartfon ekranının şəklini başqa cihazda çəkməsi ehtimalı həmişə var.
Portalın məlumatına görə, yeni funksiya Android üçün WhatsApp-ın 2.22.22.3 beta versiyasında peyda olub. Geniş istifadəçi kütləsi üçün funksiyanın istifadəyə verilməsinin dəqiq vaxtı hələlik məlum deyil.