Xalq artisti Əhməd Bakıxanovun xatirəsi anılacaq
Oktyabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində tarzən, pedaqoq, musiqi xadimi Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Muzeydən mediaya bildirilib ki, unudulmaz sənətkarın həyat və yaradıcılığından danışılacaq, xidmətləri vurğulanacaq.
Təhsilini İranda almış Əhməd Bakıxanov burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə ovaxtkı Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının hazırlanmasına həsr edib.
Onun yaratdığı ansambl bir çox görkəmli xanəndələri - Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və digər görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində Əhməd Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda, onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılıb.
Ə.Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunmaqdadır.