"Xaricilər üçün bu inanılmaz idi" - Sahibkar
Kürdəmir-Göyçay rayonları ərazisində keçirilən "Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliyə dəstək" adlı layihə baş tutub.
Qazet.az xəbər verir ki, keçirilən mediaturda sahibkarlar jurnalistlərin suallarını cavablandırıb.
Nar istehsalı haqqında Kürdəmir rayonu, Axtaçı-Qarabulaq kəndində yerləşən bir hektar nar sahəsinin sahibi Xəqani Səmədov Qazet.az-ın həmkarı ilə öz fikirlərini bölüşüb:
"Nar kollarını ilboyu mütəmadi olaraq diqqətlə yanaşmaq lazımdır. Məhsuldarlığı çoxaltmaq üçün narın dibində çıxan pöhrələr təmizlənməlidir. Yaxşı budama işi aparılmalıdır. Bununla yanaşı xüsusi gubrələrdən istifadə olunur. Kalium sulfat, amakos gübrəsi daha geniş istifadə olunur. Amakos yanvar ayında, Kalium sulfat gübrəsi ən azı 500-600 qram dəyərində ağac üçün istifadə olmalıdır. Bu bitkiyə yaxşı təsir edir. Ən çox mühit dəyişkənliyi nar bitkisinə mənfi təsir. Narın çiçəklənmə dövründə yağıntı baş verməsə, bu tozlanmaya mane olur. Nar subtropik bitkidir, isti iqlimi xoşlayır. İsti havada tozlanma yaxşı baş verir. Kürdəmir rayonu ərazisində yaşayıram. Bu torpaqlar da nar bitkisi üçün əlverişlidir. Məhsulu keyfiyyətli olur. Sərgidə bizim yetişdirdiyimiz narın şəkər miqdarı 22,8 faiz idi. Xaricdən gələn qonaqlar üçün bu inanılmaz idi. Normalda narın şəkər miqdarı 18 faiz olur deyə, onlar üçün bu hal inandırıcı deyildi".