Xersonda son sutkada 16 nəfər ölüb, 64 nəfər yaralanıb
Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələri Xerson vilayətinin ərazisini 71 dəfə atəşə tutublar. Nəticədə 16 nəfər ölüb, 64 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Eyni zamanda, bu gün Xerson şəhərində yenidən partlayış səsləri eşidilir.
Qazet.az xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının başçısı Yaroslav Yanuşeviç rəsmi teleqram kanalında bildirib.
Onun sözlərinə görə, işğalçı qüvvələr reaktiv yaylım atəş sistemi, artilleriya və minaatandan istifadə edib. Bildirilib ki, 71 hücumdan 41-i vilayətin mərkəzinə edilib.
Y. Yanuşeviç ölənlərdən 3 nəfərin Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşı olduğunu vurğulayıb. Belə ki, onlar Berislav rayonunda minatəmizləmə işləri aparırdılar.
Bu arada, Xersonun yerli teleqram kanalları bu səhər şəhərdə yeni partlayışlar barədə məlumat yayıb. İnsanlardan çox zərurət olmadıqca sığınacaqları tərk etməmələri xahiş olunub.