Xəzər dənizində suyun səviyyəsi çəkilib - FOTO
Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur
“Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələr labüddür”.
Bunu Qazet.az açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur:
“Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Xəzər dənizinin səviyyəsində, həmçinin fəsli dəyişmələr müşahidə olunur ki, onun qiyməti 30-40 santimetr intervalında dəyişir. Səviyyə özünün ən yüksək qiymətini çayların, xüsusilə də Volqa çayının yaz-yay gursululuq dövrü ilə əlaqədar iyun-avqust aylarında, ən aşağı qiymətini isə çaylarda qış qıtlıq dövrü ilə əlaqədar dekabr-fevral aylarında alır”.
O qeyd edib ki, son 3500 il ərzində dənizin səviyyəsinin dəyişməsi 15 metr, son 200 ildə 3,5 metr təşkil edib:
“1977-1995-ci illər ərzində dəniz səviyyəsində 2,5 metr tərəddüd müşahidə edilib. Bu zaman səviyyənin artma sürəti təqribən 15 sm/ilə bərabər olub. 2005-ci ildən Xəzər dənizinin səviyyəsində enmələr müşahidə olunmaqdadır. Dəniz səviyyəsində müşahidə olunan müntəzəm enmə 2015-2017-ci illər ərzində müvəqqəti olaraq dayansa da, 2018-ci ildən Xəzərin səviyyəsi yenidən enməyə başlayıb.
Dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bu günədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb”.