Bakı 6˚C Intermittent clouds

XİN başçısı Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb

Siyasət 16:50 22 sen, 2022
XİN başçısı Amerika Yəhudi Komitəsinin rəhbərliyi ilə görüşüb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Yəhudi Komitəsi (AJC) və Amerika yəhudi təşkilatlarının koalisiyasının rəhbərləri və nümayəndələri ilə görüşüb.

Qazet.az xəbər verir ki, görüş zamanı, ABŞ-da yəhudi təşkilatları ilə əməkdaşlıq məsələləri və gələcək perspektivlər, regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə sıx əlaqələrin qurulmasına önəm verdiyini bildirib və ölkəmizdə çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin mövcud olduğunu vurğulayıb. Görüşdə, həmçinin Cənubi Qafqaz regionundakı son vəziyyət, Vətən müharibəsindən sonra post-münaqişə dövründə həyata keçirilən tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb. C.Bayramov Azərbaycan tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi barədə danışıb.

Azərbaycanda mövcud olan dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələrinin, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda İslam dini ilə yanaşı, xristian, yəhudi və digər dinlərə mənsub insanların qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşadıqları yəhudi təşkilatlarının tərəfindən məmnunluqla bildirilib. Ölkəmizdə uzun əsrlər boyu sülh və əmin-amanlıq içərisində yaşayan yəhudi icmasının mövcudluğunun Azərbaycan və İsrail arasındakı güclü tərəfdaşlıq əlaqələrinin inkişafına əlavə güc verdiyi bildirilib.

Görüşdə, həmçinin Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.