Yağış paytaxtda hərəkəti iflic etdi - Həlli nədir?
“Yağış yağan kimi avtomobillərin sürəti azalır, sürücülər peşəkarlıq nümayiş etdirə bilmirlər və ya maşınlarının texniki vəziyyətinə güvənmirlər. Çünki sürücülər avtomobillərinə texniki qulluq etmirlər, təkərlərin vəziyyətinə baxmırlar. Ona görə də, belə günlərdə hədsiz dərəcədə aşağı sürətlə avtomobil idarə etməyə başlayırlar. Belə olan halda da intensivlik aşağı düşür, tıxac yaranır”.
Qazet.az xəbər verir ki, bunu mediaya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, sözsüz ki, həmin yolda avtobuslar da hərəkət edir və gecikmələr də əsasən bununla bağlıdır: "Bu gün 1500 civarında avtobus xəttə çıxır. Ümumilikdə isə 2500-2600 avtobus lazımdır ki, insanlar mənzil başına vaxtında çatsın. Yəni, avtobus sayı kifayət etmirsə, intervalı istəyirsiniz 1, 5, 10 dəqiqə edin, fərq etmir".
E.Muradlı hesab edir ki, avtobus sayının artırılması üçün dövlət sahibkarlara subsidiya ayırmalıdır: "Bakı Nəqliyyat Agentliyi həmişə deyir ki, avtobuslar tıxaclarda ilişib qalır. Burda da müəyyən həqiqət var, amma problemi özündə əks etdirən cümlələr deyil”.
BNA-nın statiskisana istinadla Bakıda 2200 avtobus olduğunu deyən nəqliyyat eksperti qeyd edib ki, keçmiş Nəqliyyat Nazirliyi də eyni rəqəmi deyirdi: "Nə oldu, illər keçir, Bakıda yaşayanların sayı artır, amma avtobusların sayı dəyişməz qalır? Kimi niyə aldadırlar?"
Avtobus parkının yenilənməsini vacib sayan Elməddin Muradlının sözlərinə görə, Bakı şəhəri və ətraf qəsəbələr üçün ümumilikdə 3000 avtobus lazımdır ki, bu problem aradan qalxsın.
Qaynaq