Bakı 23˚C Mostly cloudy

Yağış və qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Gündəm 10:43 20 dek, 2022
Yağış və qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Son günlər dekabr ayı üçün davam edən nisbətən mülayim hava şəraitindən sonra dekabrın 19-dan 20-nə keçən gecədən başlayaraq respublikanın şimal və şərq rayonlarında, dekabrın 20-də isə gün ərzində demək olar ki, əksər rayonlarda havanın yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Proses şimal küləyinin güclənməsi ilə müşayiət olunacaq. Həm respublikanın rayonlarında, əsasən Kür vadisi rayonlarında, eyni zamanda, Bakıda və Abşeron yarımadasında bu axşamdan başlayaraq şimal-qərb küləyinin saniyədə 15-10, gecəyə doğru isə 25 metrədək güclənməsi proqnozlaşdırılır. Sabah gün ərzində bəzi yerlərdə küləyin maksimal sürəti 30-33 metr/saniyəyədək artacaq.

Qazet.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Xidmət rəisinin sözlərinə görə, havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, bu gecə havanın temperaturu 6-7 dərəcə isti olsa da, sabah günorta saatlarında cəmi 4 dərəcə isti müşahidə ediləcək. Bu da küləyin güclənməsi və soyuq atmosfer cəbhəsinin ölkə ərazisindən keçməsi ilə bağlıdır. Proses qısa müddətlidir. Respublikanın rayonlarında yağıntılar dekabrın 21-də gündüz tədricən kəsiləcək. Bakıda və Abşeron yarımadasında havanın tutqun keçəcəyi, arabir yağıntılı olacağı proqnozlaşdırılır. Dekabrın 21-də yağıntılar səhər saatlarında kəsəcək. Respublikanın dağlıq və dağətəyi rayonlarında şaxtalı hava şəraiti ilə əlaqədar olaraq gecə saatlarında 10-15 dərəcə, gündüz saatlarında isə 3-7 dərəcə şaxta olacaq. Qarın yağması nəticəsində yolların buz bağlayacağı ehtimalı var”.