Yaponiyada 212 kiloqramlıq tuna balığı 271 min dollara satıldı
Tokioda ilin ilk hərracında 212 kiloqramlıq mavi tuna balığı 36,04 milyon yenə (təxminən 271 min dollar) satılıb.
Qazet.az xarici mətbuata istinadla xəbər verir ki, bu hərracda iştirak Yaponiyanın restoran biznesi üçün prestijli sayılır.
Hərracın təşkilatçıları satılan balığın ölkənin şimalında yerləşən Aomori prefekturasının Oma limanından gətirildiyini bildiriblər.
Bu il qiymət xeyli aşağı olub. Belə ki, 2019-cu ildə çəkisi 278 kiloqram olan tuna balığı 3 milyon dollardan baha qiymətə satılaraq rekord müəyyən edib.
Həmçinin hərracda çəkisi 500 qram olan bir qutu “sato-nisiki” albalısı 1,3 milyon yenə (təxminən 9,8 min dollar) satılıb. İlk dəfə 1928-ci ildə yetişdirilən “sato-nisiki” dünyanın ən bahalı albalı növlərindən biri hesab olunur (azərtac). Bu albalı növünün hamısı Yamaqata prefekturasında yetişdirilir.