Bakı 10˚C Cloudy

YAŞAT Fonduna 28 min müraciət daxil olub

Cəmiyyət 13:05 09 yan, 2023
YAŞAT Fonduna 28 min müraciət daxil olub

"YAŞAT" Fondunun "Çağrı Mərkəzi”nə 28 minə yaxın şəhid ailə üzvü və yaralı müraciət edib.

Bu barədə Qazet.az-a Fonddan məlumat verilib.

Bildirilib ki, yashat.gov.az portalı və 8110 “Çağrı Mərkəzi”nin fəaliyyətə başlamasından 2 il ötür. 2021-ci il yanvarın 8-də "YAŞAT" Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Bu günə qədər Çağrı Mərkəzinə 155 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 28 minə yaxın müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib. Bunların 12 minə yaxını şəhidlərimizin ailə üzvlərinin, 16 mindən çoxu isə yaralılarımızın müraciətləridir.

Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

"YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.