"Yatmış alimlər oyanmalı və buna bir əməl etməlidir" - Şeyx Əbdül
Arzum olub ki, piyada gəzə-gəzə gedim Qarabağ qoy bir mərmidə mənə dəysin
Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi.
Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq.
Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 12-ci gündür.
Azərbaycanın Xalq artisti Şeyx Əbdül Mahmudov İkinci Qarabağ müharibəsi zamanı yaşadığı anları və müharibədən sonra yaranan ağır sosial məsələlərlə bağlı Qazet.az-a müsahibə verib.
– İkinci Vətən müharibəsilə bağlı təəssüratlarnızı istərdim ki, bizimlə bölüşəsiniz. 44 gün ərzində hansı hissləri keçirdiniz?
– Sizə bunu deyim ki, mətbəximdə də balaca bir televizorum var, uşaqların otağında, habelə özümün də əlimdə notebook. 44 gün ərzində gecə-gündüz demədən bütün gedişatı izləyirdim. Bu 44 gün ərzində mən panikatak xəstəliyinə tutuldum. Mənim üçün həmin günlər çox gərgin keçirdi. Özüm vətənpərvər, vətənin sevən birisiyəm. Bu, mənim qanımda var.
Həmişə ümumilli birliyimizdən danışılırdı. Amma bu birlikdən danışsaq da, heç bir şey ortada yox idi. Lakin Ali Baş Komandan bunu praktiki olaraq həyata keçirdi və xalq əlində silah olan bir əsgər kimi səfərbər oldu. Hər kəsə məlum oldu ki, Azərbaycanda lazımi məqamlarda iqtidar-müxalifət söhbəti olmur və olmayacaq da. “Xalq bir olanda dağı oynadır yerindən, söz bir olanda zərbi kərən sındırar” və bu birlik məni sevindirib. Bununla hər zaman fəxr edirəm. Mənə xəstəlik imkan vermir ki, çölə çıxım: Arzum olub ki, Qarabağa piyada gəzə-gəzə gedim, qoy, bir mərmi də mənə dəysin.
İkinci qürur duyduğum isə o oldu ki, dünyada analoqu olmayan müasir hərbi texnikalarla müharibə apardıq. Bu gün bütün dünya Azərbaycan Ordusunun apardığı müasir müharibədən danışır və öz ölkələrində bunu tətbiq etməyə çalışır. Baxın, bunlar mənim üçün mühümdür və qürurvericidir.
– İkinci Qarabağ müharibəsi Azərbaycan xalqına necə təsir etdi?
– Bu müharibənin görünən və görünməyən tərəfləri var. Müharibənin görünən tərəfi göz qabağındadır. Düzdür, bir çoxları əks fikirlərlə suyu bulandırmağa çalışır. Mən bunu deyə bilərəm ki, bundan sonra Azərbaycan siyasi yollarla məsələni tam şəkildə həll edəcək. Bu, zaman ala bilər, çünki bəzi faktorlar var. Bu da gedişatda zaman aralığı yaradır. Bu da qarşımızda olan xristian faktorudur ki, dünya tərəfindən qatillərə dəstək gəlir. Amma əsas olan odur ki, Azərbaycan mühüm bir savaşdan öz haqqını qazanaraq çıxdı və qələbə qazandı.
Görünməyən tərəfi isə ölkə daxilində olan və Azərbaycanın mənəvi mədəniyyətini korlayan şəxslərin olmasıdır ki, bəzi maraqlar əsasında müharibədən sonra daha da aktivləşiblər. Bu gün ölkəni talayan həmin insanlar sadəcə ölkəni qara günə qoyub, özləri üçün xaricdən villalar, evlər alıb, bizneslər qururlar. Bu gün qələbəmizə kölgə salmaq istəyənlər var ki, sadəcə sosial problemlər yaratmağa çalışırlar. Bu gün ölkə başçısı meydanda tək mübarizə aparır və ətrafında ona yaxın olduğunu göstərənlər var. Onlar isə xainlərdir. Gəl ki, həmin xainlər ölkə başçısının yanında səmimiyyətlə durmaq istəyənlərə imkan vermirlər.
Digər tərəfdən isə bu gün müharibədə canını ortaya qoyanları gözdən salmağa çalışanlar var. Həmin insanlar sadəcə təxribatla məşğuldurlar və məqsədləri qələbəmizə kölgə salmaqdır. Bizlər bir xalq olaraq bunlarla mübarizə aparmalıyıq və bu qara libasların irəli getmələrinə, böyümələrinə imkan verməməliyik.
– Birinci və İkinci Qarabağ müharibəsini necə müqayisə edirsiniz?
– Çox təssüf olsun ki, Birinci Qarabağ müharibəsində xəyanətlərə məruz qaldıq. Xainlər ucbatından neçə oğullarımızı itirdik, habelə soyqırımlara məruz qaldıq. Bunları bilirik və zaman gələcək xainlik edən hər bir kəs cavabını verəcək.
İkinci Qarabağ müharibəsi isə bizim qalibiyyət və zəfər müharibəmizdir. Özü də balalarımızın qanı, canı ilə qazandığı qələbədir. Ali Baş Komandanın xarakter, cəsarət ortaya qoyduğu müharibədir. Sağ olsunlar, qardaş ölkələrimiz lazımi dəstəyi verdilər, amma müharibəni aparan bizik və qələbəni öz gücümüz, cəsarətimiz və birliyimizlə qazandıq.
– Sizcə bu gün haqq mübarizəmizi dünya ictimaiyyətinə düzgün çatdıra bilirikmi?
– Xeyir, lazımi səviyyədə çatdırmırıq. Əgər bu gün lazımi səviyyədə çatdırsaydıq, bizə edilən ən təhlükəli təxribat “Arsax” var olmazdı.
Deməli, mən bu yaxınlarda İctimai TV-də bir veriliş izlədim. Orada Orta Asiyanın folklorluğu haqqında çəkiliş yayımlanırdı. Hər həftə bir ölkəni göstərirlər. Mən baxdığım isə Qazaxıstanın idi. Deməli, bir ansambl elan etdilər və onlar səhnəyə ən qədim türk musiqi alətləriylə çıxdılar. Onlar özlərini təqdim edəndə dedilər ki, bizim ansamblın adı “Arsax”dır. Jüri də onlardan soruşdu ki, bu nə sözdür. O da qayıdıb dedi ki, bu qazaxların qədim adıdır. İndi ermənilər qayıdacaq ki, Qazaxıstanda bizimdir?. Bax budur, bu torpaqlar bizimdir və bu gün biz düzgün təbliğat apara bilmirik deyə, erməni hər yerdə arsax deyir. Ona görə də düşünürəm ki, yatmış alimlər oyanmalı və buna bir əməl etməlidir. Biz heç bir halda təbliğat apara və öz haqqımızı müdafiə edə bilmirik.
Dönməz Hüseyin