Bakı 25˚C Sunny

Yeni meyvə növləri və ting istehsalı prosesi təqdim edilib

Biznes 17:30 31 okt, 2022
Yeni meyvə növləri və ting istehsalı prosesi təqdim edilib

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Üzüm Tingçilik Mərkəzində yeni meyvə növləri və ting istehsalı prosesinin təqdimatı olub.

Bu barədə Qazet.az-a nazirlikdən bildirilib.

Məlumata görə, ötən il fəaliyyətə başlamış Mərkəz üzüm və digər meyvə tinglərinin istehsalı üzrə dünyanın ən qabaqcıl seleksiya şirkətləri ilə əməkdaşlığı davam etdirir. İspaniyanın “PSB Produccion Vegetal” şirkətilə əldə olunmuş razılaşmaya əsasən tingçilik mərkəzində bu şirkətə məxsus yeni meyvə növləri yetişdirilir və ixrac edilir. İspaniya şirkətinə məxsus olan sortların əsas üstünlüyü biotik və abiotik stres amillərinə davamlı, tez məhsula düşən (2-ci ildən etibarən) və 2 dəfəyə qədər daha məhsuldar olmasıdır.

Təqdimatda İspaniya şirkətinin nümayəndəsi və mütəxəssisləri şirkət haqqında, Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq barədə məlumat verib. Mütəxəssislər Avropa ölkələri ilə müqayisədə Azərbaycanın kənd təsərrüfatındakı inkişaf tempi, aqroekoloji şəraitin üstünlükləri, yeni meyvə seleksiya nailiyyətləri və üzüm tinglərinin istehsalı prosesi barədə təqdimatla çıxış ediblər. Tədbir zamanı fermerlərin sualları cavablandırılıb və onlara müvafiq məsləhətlər verilib.